Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Nyui Aston Martin-in komanda rəhbəri olub

Aston Martin komandasının rəhbərliyində dəyişikliklər elan edilib. 2026-cı ildə Formula 1 komandasının yeni rəhbəri Ədrian Nyui olacaq.

Bu il komandaya idarəedici texniki tərəfdaş qismində qoşulan britaniyalı mütəxəssis, komanda rəhbərinin ümumi vəzifələri ilə yanaşı, bütün mühəndis və texniklərin idarə olunmasına, eləcə də trasda bolid üzərində görülən işlərə nəzarət edəcək.

Hazırda komandanın rəhbəri və icraçı direktoru olan Endi Kovell isə 2026-cı ildən etibarən strategiya direktoru vəzifəsinə keçəcək və birbaşa direktorlar şurasının sədri və komanda sahibi Loruens Strolla tabe olacaq.

Kovell komanda ilə strateji tərəfdaşları – Honda, Aramco və Valvoline arasında texniki əməkdaşlığın optimallaşdırılmasına kömək edəcək, həmçinin şassi ilə güc qurğusunun ən səmərəli inteqrasiyasını təmin edəcək.

Endi Kovell: “Tam baza komandasına keçid ərəfəsində həyata keçirdiyimiz vacib struktur dəyişikliklərindən, həmçinin komanda və təşkilat daxilində Ədrian və bütöv qurum üçün möhkəm iş bazası yaratdıqdan sonra mənim üçün strategiya direktoru kimi yeni rola keçməyin vaxtı yetişdi.

Bu vəzifədə mən komanda, Honda, Aramco və Valvoline arasında texniki əməkdaşlığın optimallaşdırılmasına yardım edəcəyəm, eyni zamanda, öz komandamızın gücü ilə hazırlanan şassi ilə yeni güc qurğusu və onun yanacaq sisteminin harmonik inteqrasiyasına nəzarət edəcəyəm”.

Lorens Stroll: “Bu il Endi özünü əla lider kimi göstərdi. O, daim komandanı dünya səviyyəli kollektivə çevirmək, iş proseslərini təkmilləşdirmək və yarış bolidini bütün fəaliyyətimizin mərkəzinə qoyan korporativ mədəniyyət formalaşdırmaq üzərində fokuslandı”.

Stroll vurğulayıb ki, rəhbərlikdəki dəyişikliklər komanda maraqları naminə qarşılıqlı razılıq əsasında alınan qərar olub: “Onun yeni – strategiya direktoru rolunda bizimlə birlikdə fəaliyyətini davam etdirməsini səbirsizliklə gözləyirik. Həmçinin şadam ki, Ədrian Nyuı komanda rəhbəri olacaq. Bu, ona yaradıcı və texniki potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək. Bu iki dəyişiklik komandamızın güclü tərəflərindən maksimum səmərəli istifadəsinə şərait yaradacaq”.

Ədrian Nyui: “Komandada keçirdiyim doqquz ay ərzində kollektivin istedadlı mütəxəssisləri ilə yaxından tanış olmuşam və əlavə məsuliyyəti öz üzərimə götürməyə hazıram.

2026-cı ildə Aston Martin F1 baza komandası statusunu əldə etdikdə tamamilə yeni mövqedə olacaq. Üstəlik, bu, ciddi çətinliklərin və yeni texniki reqlamentə keçidin sınaqları ilə müşayiət olunacağı bir dövrə təsadüf edəcək.

Endi yeni vəzifəsində əsasən güc qurğusunun şassi ilə inteqrasiyası və komandanın əsas tərəfdaşları ilə koordinasiya məsələlərinə fokuslanacaq. Bu, inkişafımızın növbəti mərhələsində kritik önəm daşıyacaq”.

Las-Veqasda keçirilən yarış həftəsonu vaxtı Formula 1 padokunda Red Bull Racing-dən ayrılan Kristian Hornerin Aston Martin komandasının yeni rəhbəri ola biləcəyi ssenarisi fəal müzakirə olunub, lakin bu, baş verməyib.

Rauf Hacıyev

Şərh əlavə et