Xəbəri Kokpitdə Oxuyun!

Qətərdə titulun taleyi həll olunacaq?

Mövsümün bitməsinə iki yarış qalmış Lando Norris çempionatda 24 xal fərqlə Oskar Piastri və Maks Ferstappeni qabaqlayaraq liderlik edir. Bu riyazi vəziyyət çempionluğun taleyinin artıq bu bazar Qətər Qran Prisində həll oluna biləcəyini göstərir.

Komandaların Luseyl trasında mübarizəsi şənbə günü sprint formatında başlayacaq, amma sprintin nəticəsi ilə titulun müəyyənləşməsi mümkün olmayacaq. Əgər Norris sprintdə qalib gələrsə və Piastri ilə Ferstappen xal qazana bilməzsə, fərq 32 xala yüksələcək. Lakin bazar günü əsas yarış və Abu-Dabi mərhələsində ümumilikdə 50 xal qazanmaq mümkün olduğuna görə nə Oskar, nə də Maks mübarizədən tam kənarda qalmış olacaq.

Titulu Qətərdə təmin etmək üçün Lando rəqibləri ilə fərqi minimum 2 xal daha artırmalıdır. Bu baş verərsə, Norris Abu-Dabiyə 26 xallıq üstünlüklə yollanacaq və onu titul yarışında üstələmək riyazi baxımdan mümkün olmayacaq.

Əgər Lando sprint yarışında ən azı 6-cı yeri tutub ardınca Qətər Qran Prisində qalib gələrsə, digər sürücülərin nəticələrindən asılı olmayaraq 2025-ci mövsümündə dünya çempionu titulunu qazanacaq. Lakin əgər Qətərdən sonra fərq 25 xal təşkil edərsə, bu hələ titulu təmin etməyəcək, çünki final yarışı olan Əbu Dabidə Norris ilə Oskar və ya Maksın xalları bərabərləşə bilər

Bu halda titulun sahibini müəyyənləşdirmək üçün FIA ilk növbədə qələbə sayına baxacaq. Bərabərlik davam edərsə, ikinci yerlərin, daha sonra isə digər nəticələrin sayı nəzərə alınacaq. Hazırkı mərhələdə belə bir ssenaridə kimin çempion olacağını demək mümkün deyil, yəni “Super Formula 1 kalkulyatoru” hələki bunu hesablaya bilmir.

Rauf Hacıyev

Şərh əlavə et