Əvvəllər Avropa yayımları üçün bütün sessiyalar gecə keçirilirdi, amma Liberty Media qrafiki geri çəkib və bu il iki saat irəli çəkib. Avropa üçün bir növ Avstraliya Qran Prisinin cədvəli təkrar olunub.
Məşqlərdə bəlli olub ki, ötənilki Mercedes üstünlüyü təkrarlanmayacaq. Cümə günü Şarl Lekler və Lando Norris liderlik edib, şənbə səhər Corc Rassell ən yaxşı dövrəni vurub. Təsnifat isə tam fərqli alınıb. Yağışlı havada baş tutan sıralanma turunda Lando hamıdan üstün olub.
Start düzümünün ilk cərgəsində Norris və Ferstappen, ikinci cərgəsində Sayns və Rassell, üçüncü cərgəsində isə Piastri və Losuon qərarlaşıblar. “Qapalı park” rejiminin qaydaları pozulduğu üçün Tsunoda yarışa pit yolundan start verib.
Pirelli bu mərhələyə “yumşaq” üçlüyü gətirib – C3, C4 və C5 Hard, Medium və Soft rollarında çıxış ediblər. Yarışa Hülkenberq, Kolapinto, Elbon, Bortoleto və Həmilton Hard-la, Antonelli Soft-la, digərləri isə Medium-la başlayıblar.
Startda Ferstappen Lando-ya hücum edib, Lando trasdan kənara çıxıb və Maksa yol verib, həmçinin Rassellə mövqeyini uduzub. Bortoleto Stroll-a çırpılıb və hər ikisi mübarizəni sayandırıb. Qasli yerində fırlanıb. Berman və Həmilton altı yer qazanıblar. Antonelli “falstart” edib və beş saniyə cərimə alıb. 2-ci dövrədə ilk onluq: Ferstappen – Rassell – Norris – Sayns – Həcər – Piastri – Berman – Lekler – Alonso – Hülkenberq.
Stroll-un maşınını təxliyə edənə qədər VSC rejimi elan edilib, Antonelli, Qasli, Louson (Piastri ilə insidentdə qanadını sındırıb) və Bortoleto boksa gəliblər. Rassell bir neçə dövrə Ferstappeni təqib edib, amma Maks tempi artırıb və aralanıb.
11-ci dövrədə Antonelli Kolapintonu 14-cü yer uğrunda mübarizədə keçib. 13-cü dövrədə Lekler Piastrini ötərək 6-cı yerə yüksəlib, 14-cü dövrədə isə Həcəri geridə qoyub. Elbon Həmiltona hücum edib, maşınlar toxunub, Elbon qanadının bir hissəsini itirib və boksa dönüb. Stüardlar ona beş saniyə cərimə verib.
16-cı dövrədə yenə VSC rejimi yenidən elan edilib – qırıntıları təmizləmək lazım gəlib. 17-ci dövrədə yarış bərpa olunub. Piastri Həcəri beşinci yer üçün ötüb, Alonso təkər dəyişib. 18-ci dövrədə Rassell və Berman pit-stop edib. 20-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Sayns – Lekler – Piastri – Həcər – Rassell – Hülkenberq – Okon – Həmilton.
21-ci dövrədə Rassell Həcərı keçib və Ayzek pit yoluna dönüb. Həmilton Okonu üstələyib. 22-ci dövrədə Piastri pit-stop edib. Alonso Tsunodanı məğlub edib. 23-cü dövrədə Lando və Karlos pit-stop ediblər. Piastri pitdən sonra Saynsı qabaqlayıb. 24-cü dövrədə Berman Tsunodanı 14-cü yer uğrunda geridə qoyub.
25-ci dövrədə Lekler pit-stop edib. Antonelli Okonu ötərək 6-cı yerə yüksəlib. Bir dövrə sonra Ferstappen və Kolapinto pit-stop ediblər. Maksın pit-stopunda kiçik ləngimə olub, amma liderliyini qoruyub. 28-ci dövrədə Okon və Tsunoda, 29-da Louson, ondan bir dövrə sonra Həmilton, iki dövrə sonra isə Hülkenberq yeni təkərə keçiblər.
32-ci dövrədə Berman Alonsonu da geridə qoyub. 33-cü dövrədə ilk onluq: Ferstappen – Rassell – Norris – Antonelli – Piastri – Lekler – Sayns – Həcər – Hülkenberq – Həmilton.
33-cü dövrədə Okon Alonsodan üstün olub. İki dövrə sonra isə Lando Corcu ötərək ikinci yerə yüksəlib. 37-ci dövrədə Elbon maşını boksda saxlayıb və mübarizəni dayandırıb. Piastri və Lekler uzun müddət Antonelliyə təzyiq ediblər, amma Kimi səhv etməyib, onlar isə riskli hücuma getməyiblər – axı Kimi onsuz da cəriməli idi.
46-cı dövrədə Tsunoda Qaslini üstələyib. 47-ci dövrədə Landonun maşını sürət itirib – mühəndis ondan yanacaq qənaəti etməsini istəyib, çünki Rassellə fərq kifayət qədər olub. Corc fərqi azaltsa da, məsafə kifayət etməyib.
Maks Ferstappen mövsümdə 6-cı, karyerasında isə 69-cu qələbəsini qazanıb. Növbəti qələbə onun üçün yubiley olacaq. Lando Norris yarışı ikinci, Corc Rassell isə üçüncü sırada başa vurub.
Finişdən sonra bəlli olub ki, McLaren maşınlarının altındakı nəzarət plitəsi icazə verilən 9 mm qalınlıqdan artıq yeyilib. Hər iki pilot diskvalifikasiya olunub və protokollardan çıxarılıb.
Mübarizə növbəti həftə Qətərdə davam edəcək…




Şərh əlavə et