San-Pauluda Oliver Berman uğurlu çıxış seriyasını davam etdirərək əsas yarışda 6-cı yeri tutub və komandasına vacib xallar qazandırıb. Komanda yoldaşı Esteban Okon isə növbəti dəfə zəif nəticə göstərib və 12-ci yerdə finişə çatıb. Bununla belə, nəticə tam uğursuz sayılmır, çünki Okon yarışa pit yolundan start verib və ilk pit-stopu planlaşdırılandan xeyli əvvəl etməli olub.
Oliver Berman: “Nəticədən çox razıyam. Düşünürəm ki, biz yarışı ideal şəkildə keçirdik və mümkün olan maksimum nəticəni əldə etdik. Düzdür, bəzi rəqiblərin finişə çata bilməməsi bizə kömək etdi.
Maşının tempi yaxşı idi, komanda düzgün taktika seçdi, biz isə bir neçə riskli, amma uğurlu ötmə edə bildik.
Meksikadakı 4-cü yer bizim üçün bir növ sürpriz idisə, bu dəfə 6-cı yerdə finişə çatmaq bizi sevindirir. Əsas odur ki, performansımız sabit qalıb. Mövsümün qalan üç yarışında da yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Esteban Okon: “Yarışın əvvəlində təkər deşilməsəydi, daha yüksək nəticə qazana bilərdim. Təəssüf ki, bu, artıq virtual təhlükəsizlik maşını (VSC) rejimi bitəndən sonra baş verdi və yarış yenidən başladı.
Bir neçə rəqiblə mübarizə apardım, xal zonasına girməyə çalışdım və hər şey yaxşı gedirdi, amma təəssüf ki, cəmi bir neçə dövrə çatmadı.
Görürəm ki, biz irəliləyirik və tempimiz də pis deyil, sadəcə bu dəfə bəxt üzümüzə gülmədi”.




Şərh əlavə et