Xəbəri Kokpitdə Oxuyun!

McLaren Red Bull məsələsinə görə izah gözləyir

Red Bull Racing komandası Braziliya Qran Prisindən öncə Maks Ferstappenin maşınında aerodinamik sazlamaları dəyişdiyi üçün “parc fermé” (qapalı park) qaydalarını pozub və buna görə də niderlandlı sürücü yarışa pit yolundan start alıb. Lakin bu, yeganə dəyişiklik olmayıb. Belə ki, komanda eyni zamanda güc qurğusunu (mühərriki) yeniləyib və bu addım McLaren komandasının və FIA-nın diqqətini cəlb edib.

Formula 1-də mühərriklər çox bahalı komponentlər sayılır. Qaydalar belədir ki, əgər mühərrik etibarlılıq problemlərinə görə dəyişdirilirsə, onun dəyəri komandanın xərclər limitinə daxil edilmir. Bu, komandaların həm pul, həm də resurs çatışmazlığı səbəbilə mövsümü yarımçıq qoymamasını təmin etmək üçündür.

Ancaq əgər mühərrik yalnız daha çox güc qazanmaq məqsədilə dəyişdirilirsə, onun dəyəri büdcə limitinə daxil edilməlidir, çünki bu, komandaların hər yarışda mühərrik dəyişdirərək üstünlük qazanmasının qarşısını alır.

McLaren komandasının rəhbəri Andrea Stella isə bu məsələ ilə bağlı FIA-nın mövqeyini öyrənmək istədiyini bildirib: “Açığı, belə mühərrik dəyişiklikləri qaydaları birbaşa sınağa çəkir. Mənə maraqlıdır, bu mühərrikin dəyəri büdcə limitinə daxildirmi? Əgər dəyişiklik güc qazanmaq məqsədilə edilibsə, bu xərclər mütləq hesablamaya daxil olmalıdır. Məhz buna görə biz mühərrikləri yalnız sıradan çıxanda dəyişirik, çünki büdcə limitinə sadiq qalmalıyıq”.

Red Bull isə məsələni gizlətməyib. Komanda açıq şəkildə etiraf edib ki, Maks Ferstappenin maşınında mühərrik daha yüksək güc təmin etmək üçün dəyişdirilib.

Komandanın rəhbəri Loran Mekis bunu belə şərh edib: “Yeni mühərrik quraşdırmaq hər zaman xoşdur. Mövsümün sonuna qədər dəyişiklik etmədən keçə bilərdik, amma burada fürsətdən yararlanmaq qərarına gəldik. Nə qədər qazandığımızı dəqiq demək çətindir, ancaq komandalar arasındakı fərqlər o qədər kiçikdir ki, hər bir amil rol oynayır”.

Rauf Hacıyev

Şərh əlavə et