Cümə günü keçirilən birsaatlıq məşqdə və sprint təsnifatında ən sürətli dövrəni Lando Norris vurub. Sprintin ilk cərgəsini Norris və Antonelli paylaşıb, ikinci cərgədən Piastri və Rassell, üçüncüdən isə Alonso və Ferstappen start götürüb.
Tsunoda və Saynsın bolidlərində “parc fermé” qaydaları pozulub, buna görə də onlar yarışa pit-leyn-dən başlayıblar. Son döngədən birincisinə qədər olan sahə hələ nəm olub, amma trasın böyük hissəsi quruyub, buna görə bütün pilotlar quru təkərləri ilə start alıblar.
Bu mərhələyə ötən ildəkindən bir qədər sərt təkər tərkibləri gətirilib – C2, C3 və C4 (Hard, Medium və Soft). Antonelli, Rassell, Ferstappen, Lekler, Həcər və Elbon Soft təkərlərlə, digərləri isə Medium-la başlayıblar.
Startda Norris liderliyini qoruyub. Ferstappen Alonsonu keçib, Həmilton üç mövqe qazanıb. Berman dördüncü döngədə Lousonla təmasdan sonra yerində fırlanıb və üç mövqe itirib, amma yarışa davam edib. 2-ci dövrədən sonra ilk onluq: Norris – Antonelli – Piastri – Rassell – Ferstappen – Alonso – Lekler – Həmilton – Stroll – Hülkenberq.
6-cı dövrədə Piastri, Hülkenberq və Kolapinto üçüncü döngədən çıxarkən nəm kerblə təmas edərək ardıcıl şəkildə trasdan çıxıblar və baryerə çırpılıblar. Hülkenberq zədələnmiş bolidlə davam edib, Piastri və Kolapinto isə yarışı dayandırıblar.
Təhlükəsizlik Maşını trasa çıxıb, bir neçə dəqiqə sonra sessiya qırmızı bayraqla dayandırılıb. Pilotlar bolidlərdən düşüblər, fasilə uzanıb – tras təmizlənməli və dağıntılar yığılmalı olub. Mexaniklər zədələnmiş maşınları bərpa ediblər.
23 dəqiqə sonra pilotlar TM arxasında pit-leyn-dən çıxıblar və yarışa hərəkətli startla davam ediblər. Norris, Alonso, Stroll, Qasli və Elbon Soft təkərləri seçiblər, digərləri Medium-da qalıblar.
Restartda Norris liderliyini qoruyub. Alonso Ferstappenə, Həmilton isə Leklerə hücum edib, amma ilk onluqda dəyişiklik olmayıb. 17-ci dövrədə Okon 13-cü yer uğrunda mübarizədə Lousonu keçib.
Son dövrlərdə Soft təkərlər sürətlə yeyilməyə başlayıb. Lekler bir neçə dövrə ərzində Alonsonu sıxışdırıb, amma Fernando bacarıqla müdafiə olunub. Antonelli isə Norrisə hücum məsafəsinə yaxınlaşıb.
22-ci dövrədə Lekler Alonsonu keçib və beşinci yerə yüksəlib, dərhal da aranı açıb. Son, 24-cü dövrədə Bortoleto ağır qəzaya uğrayıb – start düzlüyündə maşın qəfil yerində fırlanıb və baryerə böyük sürətlə çırpılıb. Zərbə çox güclü olub. Tibb maşını dərhal hadisə yerinə gəlib, Qabrielin vəziyyəti qaydasında olduğu təsdiqlənib, o, tibbi mərkəzə aparılıb.
Bortoleto-nun bolidi ciddi zədələnib, Sauber mexaniklərini təsnifata qədər çox iş gözləyir.
Lando Norris İnterlaqosdakı sprint yarışını qazanmaqla karyerasında üçüncü sprint qələbəsini əldə edib və şəxsi hesabda fərqi artırıb. Kimi Antonelli ikinci, Corc Rassell isə üçüncü yeri tutub – beləliklə, Mercedes komandası yenidən Ferrari-ni Konstruktorlar Kubokunda qabaqlayıb.
Üç saat sonra, əgər hava şəraiti imkan versə, əsas yarışın sıralanma turu start götürəcək. Amma görünür, hələ heç nə yekunlaşmayıb və bizi bir çox sürprizlər gözləyə bilər…




Şərh əlavə et