Britaniyalı sürücü Braziliyaya çempionatın yeni lider kimi gəlib. O, mövsümün ilk dörd mərhələsindən sonra liderliyini itirmiş, Səudiyyə Ərəbistanı Qran Prisindən etibarən komanda yoldaşı Oskar Piastri birinci yerə yüksəlmişdi.
İndi isə Lando cəmi bir xal fərqlə önə keçib və San-Paulu mərhələsində məqsədi tam aydındır.
Lando Norris: “Əlbəttə, bu həftəsonu Meksikada göstərdiyim səviyyəni qorumaq istərdim, amma rəqiblərin gücünü nəzərə alsaq, bu, asan olmayacaq. Mənim gözləntilərimlə reallıq çox vaxt eyni olmur.
Əvvəlki mərhələdə hər şeyin necə gözəl alındığını düşünməklə nəsə dəyişəcəkmi? Əlbəttə ki, yox. Düzünü desəm, indi mövsümün əvvəlində olduğumdan daha düzgün psixoloji vəziyyətdəyəm, o vaxt daha çox çətinliklə üzləşirdim.
İndi də problemlər var, ancaq ümumi vəziyyətim xeyli yaxşıdır. Bunun bir çox səbəbi var və bu, mənə özümə daha çox güvən verir. Ümid edirəm ki, bu həftəsonu da eyni inamla yarışa bilərəm.
Amma bu Braziliyadır və burada hava şəraiti hər an dəyişə bilər və nəticədə hər şey fərqli alınar.
Keçən mərhələdə özümə sübut etdim ki, dominant ola bilirəm, və bu, çox xoş hissdir. Lakin iş hələ bitməyib. İndi qarşıda 100-dən çox xal var və lider olmağım hələ heç nə demək deyil. Mənim məqsədim budur: bu mərhələni, növbətini və qalan bütün yarışları qazanmaq”.




Şərh əlavə et