Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: K.Herta F2-yə keçib

Britaniyanın Formula 2-də çıxış edən Hitech komandası Kolton Hertanın 2026-cı il mövsümündə onlar üçün çıxış edəcəyini açıqlayıb.

25 yaşlı Kaliforniyalı pilot kifayət qədər təcrübəli idmançıdır. Belə ki, onun hesabında IndyCar seriyasında yeddi tam mövsüm, 19 podium, 16 poul və 9 qələbə var. O, 2024-cü ildə çempionatda vitse-çempion adını qazanıb.

Gənclik illərində Herta Avropada da çıxış edib. Amerikan sürücü 2016-cı ildə İspaniya Formula 3 seriyasında ikinci yeri tutub. O, hələ də IndyCar tarixində qələbə qazanan ən gənc pilot statusunu qoruyur. İndi isə karyerasının yeni mərhələsinə qədəm qoyaraq, Cadillac F1 komandasının test sürücüsü olub. Formula 2-yə keçidi isə əsasən F1-də yarışmaq hüququ verən FIA superlisenziyasını qazanmaq məqsədi daşıyır.

Kolton Herta: “2026-cı ildə Formula 2-də Hitech komandası ilə çıxış edəcəyim üçün inanılmaz dərəcədə həyəcanlıyam. Karyeramda böyük dəyişikliklər baş verir və mən bu çağırışı qəbul etməyə hazıram.

IndyCar-da keçirdiyim illər mənim üçün çox dəyərlidir və orada qazandıqlarımla qürur duyuram, lakin Formula 2-də yarışmaq və dünyanın ən güclü gənc pilotlarından bəziləri ilə mübarizə aparmaq fürsətini əldən verə bilməzdim. Üstəlik, bu seriyanın yarışları Formula 1 təqvimi ilə eyni həftələrdə keçirilir. Mən həmişə Formula 1-in qapılarının üzümə açıq qalması üçün çalışmışan və bu keçid həmin məqsədin bir hissəsidir. Əlbəttə, qarşıda çətinliklər var: yeni maşına uyğunlaşmaq, təkərlərin xüsusiyyətlərini öyrənmək və yeni traslarla tanış olmaq, ancaq mən işə tam fokuslanmışam və motivasiyalıyam.

Məqsədim ön sıralarda mübarizə aparmaq, peşəkar olaraq inkişafı davam etdirmək və Formula 1-ə keçid üçün ən yaxşı şəraiti yaratmaqdır.

Hitech-in möhkəm reputasiyası və uğurlu tarixi var, buna görə də inanıram ki, inkişaf edib yüksək nəticələr göstərə biləcəyim doğru komandadayam”.

Rauf Hacıyev

Şərh əlavə et