Xəbəri Kokpitdə Oxuyun!

A.Lindblad: Həmilton mənə doğmadır

“Gələcəyin Maks Ferstappeni” kimi göstərilən Arvid Lindblad yeddiqat Dünya Çempionu Lyuis Həmiltona qarşı hiss etdiyi xüsusi simpatiyadan danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Formula 2-də debüt mövsümünü keçirir. O, Ciddədəli sprint yarışında və İspaniyadakı əsas yarışda qələbə qazanaraq, çempionatda yeddinci yerə yüksəlib. O, ilin əvvəlində Formula Regional Okeaniya Çempionatındakı inamlı çempionluq qazanmış və bu uğuruna görə ona Super Lisenziya vaxtından əvvəl verilmişdi.

Həm İsveç, həm də Böyük Britaniya vətəndaşlığına sahib olan Lindblad 2007-ci ilin oktyabrında dünyaya gəlib. Uşaq yaşlarından Həmilton azarkeşi olduğunu deyən gənc pilot, ona qarşı bəslədiyi simpatiyanın səbəbini belə izah edib: “İdmana daha çox maraq göstərməyə başladığım zamanlarda Həmilton ardıcıl qələbələr qazanırdı. Həmçinin dəri rəngimə görə onunla aramda bir əlaqə hiss edirdim. Maraqlı gələn başqa bir məqam isə Formula 1-dəki ilk mövsümünün mənim doğulduğum ilə təsadüf etməsi idi. Bu səbəbdən xüsusilə 7-8 yaşlarımda ona qarşı bir yaxınlıq hiss edirdim”.

Arvid Lindblad artıq F1 pilotlarını kumir kimi görmədiyini, lakin hamısına böyük hörmət bəslədiyini vurğulayıb: “Onların performans səviyyəsi olduqca təsiredicidir və hamısını həqiqətən yüksək dərəcədə qiymətləndirirəm”.

Rauf Hacıyev

Şərh əlavə et