Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan F2: Marti növbəti qələbəsini qazanıb

Pepe Marti Macarıstanın Hunqarorinq trasında keçirilən Formula 2 sprint yarışında qalib gəlib. Onunla birlikdə podiuma Aleks Dann və Cek Krouford qalxıblar.

Yarış başlamazdan əvvəl hava açılıb, hava temperaturu 28 dərəcə, asfalt örtüyü isə 47 dərəcəyə qədər qızıb. Pouldan start götürən Marti ilk döngədə liderliyini qoruyub. Bu zaman Arvid Lindblad Aleks Dannı qabaqlayaraq ikinci yerə yüksəlib.

Cek Krouford da yaxşı start götürüb və səkkizinci yerdən beşinci yerə qədər irəliləyib. Cümə günü sıralanma turunun qalibi Roman Stanek isə uğursuz start alıb. O, ilk dövrədə Qabriel Mini ilə təmas yaşayıb. Hər iki pilot trasdan çıxıb, lakin yarışı davam etdiriblər. Stanek 20-ci yerə düşüb, Mini isə 10 saniyəlik cərimə alıb.

Çempionatın lideri Leonardo Fornaroli iki mövqe qazanaraq yeddinci yerə yüksəlib. Beşinci dövrədə Lindblad Martiyə təzyiq göstərərək ən sürətli dövrəni göstərib. Səkkizinci dövrədə Lindblad birinci döngədə Martini keçib, lakin üçüncü döngədə Marti əks-hücuma keçərək rəqibini trasdan kənara sıxışdırıb və liderliyi qaytarıb.

Yarışın ortasına qədər pilotlar sıx qruplaşmada davam ediblər, lakin təkər yeyilməsinə görə ciddi hücumlar etməyiblər. 16-cı dövrədə Amori Kordil rəqibi Rafael Vilyagomezi keçmək istəyərkən onun ön qanadının sol hissəsini zədələyib. 17-ci dövrədə Mini boksa girərək həm cəriməsini çəkib, həm də təkərlərini dəyişib.

19-cu dövrədə Aleks Dann rəqibi Lindbladı birinci döngədə keçərək, ikinci yerə qalxıb. Lindbladın təkərləri tamamilə yeyilib və 21-ci dövrədə liderlərdən 3 saniyə geri qalıb. Onu sıx izləyən sürücülər isə arxasında sıralanıblar.

22-ci dövrədə trasda təhlükəsizlik maşını peyda olub. Səbəb isə Sebastyan Montoyanın maşınındakı texniki problem üzündən start düzlüyündə dayanması olub. Bu an Marti qəfil sürətini azaldıb, onun arxasında olan Dann isə az qala ona təmas edib.

26-cı dövrədə yarış yenidən başlayıb. Liderlər mövqelərini qoruyublar. Lindblad, Kroufordun hücumunu çətinliklə də olsa dəf edib. Arxa sırada Viktor Marten, Lyuk Brauninqi keçməyə çalışıb, amma buna nail ola bilməyib.

Son dövrədə Cek Krouford rəqibi Lindblada hücum edərək üçüncü yerə yüksəlib. Həmin vaxt Aleks Dann da Martiyə son cəhdlə hücum edib, lakin trasdan çıxmaq təhlükəsi səbəbilə ötməni tamamlaya bilməyib. Beləliklə, Marti mövsümdə növbəti qələbəsini qazanıb.

Lakin finişdən sonra Marti ilə Dann arasında baş verən və sarı bayraqlar altında yaşanmış hadisə stüardlar tərəfindən araşdırılmağa başlanıb.

Çempionatın lideri Leonardo Fornaroli yarışda yeddinci yeri tutub və çempionatdakı liderliyini qoruyub. Onu izləyən Dann, Krouford və Brauninq isə xal fərqini azaldıblar. Yarışın ən sürətli dövrəsini Mini göstərib, lakin o, 14-cü yerdə finişə çatıb.

Rauf Hacıyev

Şərh əlavə et