Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Anar Ələkbərov FIA Senatına üzv seçilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Senatının üzvü seçilib.

Senat FIA-nın ali idarəetmə orqanıdır. Qurumun maliyyə və kommersiya məsələlərinə, eləcə də FIA-nın ümumi idarəçiliyinə məsul olan Senat avtomobil idmanı sahəsində standartların yaradılması, yol hərəkəti təhlükəsizliyi, həmçinin avtomobil sənayesinin inkişafı istiqamətinə fəaliyyət göstərir.

Senat 16 üzvdən ibarətdir. Onlara Senatın prezidenti, FIA prezidenti, vitse-prezidentlər, eləcə də Avtomobil Mobilliyi və Turizm Şurası ilə Motor İdmanı Şurasından olan FIA üzv klublarının nümayəndələri daxildir.

FİA-nın Prezidenti Mohammed Ben Sulayem: “Anar Ələkbərovu FIA Senatında salamlamaqdan məmnunluq duyuram. Onun dövlət qulluğunda, beynəlxalq diplomatiya və mədəniyyət sahəsində göstərdiyi yüksək fəaliyyət, avtoidmana olan dərin həvəsi ilə birləşərək onu idarəetmə komandamız üçün dəyərli bir üzv edir”.

FİA Senatının Prezisenti Karmelo Sanz de Barros:  “Cənab Ələkbərov FIA Senatına strateji baxış, mədəni yanaşma və əməli idarəetmə təcrübəsinin uğurlu birləşməsini gətirir. Onun FIA dəyərlərinə uzunmüddətli sadiqliyi, eləcə də həm Azərbaycanda, həm də ondan kənarda avtoidmanın və dayanıqlı inkişafın təşviqi sahəsində göstərdiyi liderlik fəaliyyətimizi daha da zənginləşdirəcək.”

Azərbaycan Avtomobil Federasiyasının Prezidenti Anar Ələkbərov: “FIA Senatına üzv seçilmək və bu tarixi, eyni zamanda gələcəyə yönəlmiş təşkilatın davamlı inkişafına töhfə vermək mənim üçün böyük şərəfdir. FIA-nın inkişafa necə təkan verdiyini şəxsən müşahidə etmişəm və həmkarlarımla birgə çalışaraq Federasiyanın qlobal rolunu daha da gücləndirməyi və icmamızın maraqlarını layiqincə təmsil etməyi səbirsizliklə gözləyirəm.”

 

Rauf Hacıyev

Şərh əlavə et