Formula 1-in idarəedici orqanı olan FIA, artan şəffaflıq tələbləri fonunda 2025-ci il mövsümü üçün yenilənmiş yarış bələdçisi və cəza sistemini ictimaiyyətə təqdim edib. Bu addım, yarış qaydalarının daha aydın və başa düşülən olmasına yönəlik mühüm bir irəliləyiş kimi qiymətləndirilir.
Daha əvvəl gizli saxlanılan bu sənəd artıq FIA-nın rəsmi saytında yayımlanıb və yarış hakimlərinin qərar vermə prosesinə dair geniş məlumat verir.
Əsas dəyişikliklər nələrdir?
Yeni bələdçidə pilotların hücum və müdafiə manevrləri zamanı hansı meyarlara əsasən qiymətləndiriləcəyi dəqiq şəkildə izah olunur:
A. Daxili trayektoriyadan hücum zamanı rəqibin yer buraxması üçün:
İ) Pilot apeks nöqtəsində və döngə girişində ön təkərləri rəqibin avtomobilinin aynaları səviyyəsinə gətirməlidir.
ii) Xüsusən də döngə girişindən apeksə qədər hücum tam nəzarət altında olmalı və “daxilə atlama” kimi riskli manevrlərdən qaçınılmalıdır.
iii) Pilot tras hüdudları daxilində əlverişli yarış xətti üzrə hərəkət etməlidir və manevri tamamlamalıdır.
B. Xarici trayektoriyadan ötmə daha çətin manevr olaraq dəyərləndirilir. Xarici trayektoriyadan hücum edəm pilot döngə çıxışına qədər bu hallarda yer verilməsini tələb edə bilər.
i) Apeksdə ön təkərlər, rəqibin ön təkərlərindən öndə olmalıdır.
ii) Manevr döngə girişindən çıxışına qədər nəzarətli formada aparılmalıdır.
iii) Avtomobil tras hüdudları daxilində döngəni dönə bilməlidir.
C. Şikanlar və “S” formalı döngələr:
Hər iki tərəf üçün (iç və çöl) eyni qaydalar tətbiq oluna bilər, lakin hakimlər birinci döngə elementinə üstünlük verə bilər.
Bunların qayda yox, bələdçi olduğu xüsusilə qeyd edilib. Qərarlar vəziyyətə əsasən verilir. FIA vurğulayır ki, bu bələdçi qanuni xarakteri daşımır. Yalnız pilotlara və komandalarına stüardların hansı hallarda necə qərar verəcəyini anlamaq üçün istiqamət göstərir.
Qərar verərkən stüardlar aşağıdakı amilləri nəzərə alacaqlar:
i) Hərəkət necə başladı? (Məsələn, gec əyləcə basmaq, əyləc zamanı istiqamət dəyişdirmə)
ii) Hücum vaxtında edildimi, yoxsa xoşniyyətli idi?
iii) Sürücü qarşısındakı vəziyyəti görə və ya təxmin edə bilərdimi?
iv) Hücum tras üzərində tamamlana bilərdimi?
v) Öndən və ya arxadan sürüşmə, təkərin kilidlənməsi baş veribmi?
vi) Hər hansı sürücü hadisəyə səbəb ola biləcək şəkildə mövqe tutubmu?
vii) Döngə növü, kerblər və digər amillər hadisəyə necə təsir edib?
viii) İstifadə edilən təkərin yaşı və asfaltla ilişmə səviyyəsi necə olub?
Şəffaflıq artacaq – pilotlar razıdır
FIA-nın açıqlamasında Mercedes pilotu və GPDA direktoru Corc Rasselin də fikirlərinə yer verilib. Rassel bu təşəbbüsü alqışlayıb:
“İdmanımızda daha çox şəffaflıq vacibdir. Bu yeni bələdçi həm mətbuat, həm də azarkeşlərin tras üzərində baş verən hadisələrin necə qiymətləndirildiyini daha yaxşı anlamasına kömək edəcək.”
Bu dəyişikliklər sayəsində pilotlar artıq hansı hallarda cəza alacaqlarını daha yaxşı biləcəklər və azarkeşlər də qərarların səbəbini anlayacaqlar. FIA bu yolla etimadı artırmaq və mübahisəli qərarların qarşısını almağı hədəfləyir.
Şərh əlavə et