Xəbəri Kokpitdə Oxuyun!

Linblad F2-də ən gənc poul qazanan sürücü olub

Formula 2-də liderlik uğrunda mübarizə hətta hər yarışda deyil, hər sessiyada daha da güclənir. Monakodakı mərhələdən sonra sürücülər çempionatında Hitech komandasını idarə edən Williams gənclər akademiyasının üzvü Lyuk Brauninq başçılıq edir.

Lakin onun üstünlüyü cəmi üç xalla məhdudlaşır. Gənclər seriyalarında poul qazanan pilot təsnifat mərhələsinin qalibi kimi əlavə iki xal əldə edir. Buna görə də, hər zaman olduğu kimi, Barselonada mübarizə üçün kifayət qədər motivasiya vardı. Üstəlik, bu trasda ötmə etmək həmişə çətin olub.

Ən birinci normal nəticə göstərən pilot Aleks Dann olub, lakin onu dərhal Leonardo Fornaroli qabaqlayıb və britaniyalını 0,150 saniyə üstələyərək dövrəni 1:25.755-lik nəticə ilə başa vurub. Invicta Racing komandasının pilotu olan Fornaroli şəxsi hesabda üçüncü, Dann isə ikinci yerdə qərarlaşıb – aralarındakı fərq də eyni – üç xaldır.

Amma sessiyanın ilk yarısında ən yaxşı nəticəni nə Dann, nə də Fornaroli göstərib. Bu, Campos komandasının gələcəyə ümid verən pilotu, Red Bull-un gənclər proqramının üzvü Arvid Lindblad olub. Britaniya pasportlu, lakin isveç soyadlı bu gənc pilot çempionatda hazırda altıncı yerdədir, artıq bir qələbə və bir podiumu var. Amma poul hələ qismət olmamışdı – bu günə qədər.

Pilotlar təzə təkərlər üçün pit-leynə qayıdıblar və sessiyanın bitməsinə yeddi dəqiqə qalmış hamısı yenidən trasda görünüb. Trasda iyirmiyə yaxın maşın olduğuna görə, bir tərəfdən onlar bir-birinə mane olub, digər tərəfdən isə rəqib maşının arxasında hava kisəsindən faydalanmağa çalışıblar.

Hər kəs nəticəsini yaxşılaşdırmağa cəhd edib və bir çoxları bunu bacarıb. Lakin Lindbladın vaxtına çatmaq bir xeyli çətin olub. Sessiyanın son dəqiqələrində isə Sebastyan Montoya fərqlənib – o, protokolda birinci yerə yüksəlib. Ancaq onun vaxtını dərhal həmin 17 yaşlı Lindblad yenidən üstələyib – 1:25.180! Bununla da o, seriya tarixində poul qazanan ən gənc pilot olub.

Bununla belə, Sebastyanın kefi pozulmayıb, çünki o, cari mövsümdə özünün ən yaxşı təsnifat nəticəsini təkrarlayıb və Prema komandasına hər iki yarışda yüksək nəticələr uğrunda mübarizə aparacağına söz verib.

Beləliklə, bazar günü əsas yarışa poul mövqeyindən Arvid Lindblad başlayacaq. Onun yanında ilk sıradan Sebastyan Montoya start verəcək. İkinci sırada isə Kuş Mayninin çəhrayı Dallara-sı və Invicta pilotu Roman Stanekin sarı bolidi olacaq.

Beşinci və altıncı nəticələri şəxsi hesabda liderlik uğrunda mübarizə aparan pilotlar – Aleks Dann və Riçard Fersxor göstərib.Lakin Dann, Monakodakı həftəsonu ərzində sərt hərəkətlərinə görə cəza alıb və bu səbəbdən on start mövqeyi itirəcək. Bu cəza isə əsasən sabahkı sprint yarışının start sıralamasına təsir edəcək.

Qısa şənbə sprint yarışına isə bu gün 10-cu nəticəni göstərmiş Leonardo Fornaroli poul mövqeyindən başlayacaq və onun bu yarışı qələbə ilə başa vurmaq istəyi şübhəsizdir.

Elçin Zodorov

Şərh əlavə et