Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda qəzanın səbəbini açıqlayıb

Red Bull komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, Ciddədə ikinci sərbəst yürüşlərdə etdiyi qəzanın səbəbi öz səhvidir.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Ciddədəki ikinci sərbəst yürüşlərdə yaxşı çıxış edib və komanda yoldaşı Maks Ferstappenə yaxın nəticələr göstərib. Lakin sessiyanın bitməsinə 9 dəqiqə qalmış son döngədə qəza edərək, günü vaxtından əvvəl bağlayıb.

23 yaşlı pilotun bolidinin asılqanı döngəyə çox dar bucaqla girdiyi üçün qırılıb və yaponiyalı sürücü idarəetməni itirərək, bariyerlərə çırpılıb.

Yuki Tsunoda: “Döngəni dönəndə çox daxildə qaldım və divara təmas etdim. Bu təmasdan sonra maşın zədələndi və sonra idarəetməni tamamilə itirdim. Komandadan üzr istəyirəm, çünki bolidimizin tempi yaxşı idi. Doğrudan da heyif oldu”.

Qəzaya baxmayaraq Tsunoda Sessiyanı komanda yoldaşı Ferstappendən 0.4 saniyə geridə 6-cı yerdə bağlayıb. Bu da yaponiyalı sürücünün həftəsonu üçün ümidlərini artırıb.

Yuki Tsunoda: “Özümə olan inamım yaxşı idi. Son dövrəmdə təkərləri qızdırarkən səhv etdim, amma hər şey qaydasındadır.

Yarış tempində çox işləyə bilmədim, amma bu, tamamilə mənim günahımdır. Buna görə də şikayətçi deyiləm. Əlbəttə, günü belə bitirmək istəməzdim.

Sıralanma tempində isə güclü idik. Təkərləri qızdırarkən səhv etsəm də, sıralanma tempindən ümidliyik”.

Rauf Hacıyev

Şərh əlavə et