Çox vaxt olduğu kimi, yenə də güc balansları təkərlərdən asılı olub. Asfatla ilişməniz zəif olması sürücülərin işini çətinləşdirib. Lakin bunlar McLarenə çox da təsir etməyib – onlar məşqlərdə inamla liderlik ediblər, poul yarışında isə Oskar Piastri hamıdan üstün olub.
Mercedes sürücüləri sıralanma turunda pit-leynə qırmızı bayraqlar altında daxil olduqları üçün hər ikisi bir yer itirməklə cəzalandırılıb. Nəticədə yarışa ilk cərgədən Piastri və Lekler, ikinci cərgədən Rassell və Qasli, üçüncü cərgədən isə Antonelli və Norris start veriblər.
Pirelli bura C1, C2 və C3 təkərlərini gətirib. Yarışa Lekler, Həmilton, Alonso, Louson və Bortoleto orta, qalan hamı isə yumşaq təkərlərlə başlayıb.
Startda Rassell cəld tərpənib, hətta Piastriyə də hücum edib, lakin avstraliyalı sürücü yerini qoruyub. Lekler daha sərt təkərlərlə 2 pillə itirib, Norris isə üçüncü yerə qədər qalxıb. Berman isə 6 mövqe qazanıb. Norris startda maşını düzgün yerdə saxlamadığı üçün 5 saniyəlik cəza alıb. 2-ci dövrədə ilk onluq: Piastri – Rassell – Norris – Lekler – Qasli – Sayns – Antonelli – Ferstappen – Həmilton – Tsunoda.
Antonelli və Ferstappen Saynsı 5-ci dövrədə keçiblər. artıq 6-cı dövrədə Hacar və Hülkenberq təkərlərini dəyişməli olublar. Sayns Həmilton və Tsunodadan da geri qalıb. Antonelli Qaslini geridə qoyub. Əsas pit-stop dalğası 11-ci dövrədə başlayıb. Öncə Norris, Qasli və Ferstappen, sonra Tsinoda, Antonelli, Stroll pit-stop ediblər. Rassell bu addımı 15-ci dövrədə atıb.
Lekler 19-cu dövrədə Qaslini ötüb. Ferstappen isə Antonelliyə keçilib. Həmilton Duhan və Ferstappeni üstələyib. 25-ci dövrədə hər iki Ferrari sürücüsü bir mövqe qazanıb – Lekler Norrisi, Həmilton isə Antonellini ötüb.
Maks 27-ci dövrədə ikinci pit-stopunu edib, lakin bu əməliyyat gecikmə ilə yerinə yetirilib və o, trasa ən sonuncu yerdə qayıdıb. Tsunoda və Sayns təmas yaşayıblar. Bu insidentdən trasa tökülən qırıntılara görə 32-ci dövrədə Təhlükəsizlik Maşını trasa daxil olub. Qasli, Okon, Ferstappen, Duhan, Hacar və Hülkenberqdən başqa hamı pit-stopa yönəlib. Təhlükəsizlik Maşının arxasında ilk onluq: Piastri – Rassell – Lekler – Norris – Həmilton – Qasli – Okon – Ferstappen – Duhan – Sayns.
36-cı dövrədə yenidən start elan edilib. Piastri liderliyini qoruyub. Həmilton Norrisi ötüb, lakin Lando trasdan çıxmaq bahasına mövqeyini geri qaytarıbyerini və mühəndisin əmri ilə mövqeyi Lyuisə verib.
Lousona Strolla təmasa görə 15 saniyə cərimə verilib. Sayns 45-ci dövrədə maşındakı zədəyə görə yarışı yarımçıq dayandırıb. Rassellin maşınında transpnder nasazlığı olub, DRS avtomatik rejimdə işləməyib. Norris 49-cu dövrədə üçüncülük mübarizəsində Leklerə hücumlar edib, lakin istədiyinə 3 dövrə sonra nail olub.
Lousona Hülkenberqlə insident üçün də əlavə 10 saniyə cərimə verilib. Norris Rassellə çatıb, lakin Mercedes sürücüsü rəqibinə ötmə imkanı verməyib. Bu mübarizə son dövrəyə qədər davam edib. Sonuncu dövrədə Ferstappen altıncılıq uğrunda mübarizədə Qaslini qabaqlaya bilib. Duhan tras hüdudlarını dəfələrlə pozduğuna görə 5 saniyəlik cəza alıb.
Oskar Piastri mövsümdə 2-ci, karyerasında isə 4-cü qələbəsini bayram edib. Bu, McLaren-in Bəhreyndə ilk qələbəsi olub. Corc Rassell ikinci pilləni tutaraq iki McLaren sürücüsünü ayırıb. Podiumun son pilləsinə isə Lando Norris qalxıb və çempionatda liderliyini davam etdirib.
Pyer Qasli mövsümdə ilk xallarını qazanıb. Bu, eyni zamanda Alpine üçün də mövsümdə ilk xallar olub.
Finişdən sonra Niko Hlükenberq maşını texniki reqlamentin tələblərinə cavab vermədiyi üçün yarışdan diskvalifikasiya olunub.
Bu, ardıcıl 3 yarışdan ikincisi idi. Gələn həftəsonu mübarizə Ciddə küçələrində davam edəcək. Çempionatda vəziyyət olduqca gərgindir və ilk yerlərdəki sürücülər arasındakı xal fərqləri azdır.
Ciddədə şərtlər Saxirdəkindən tamamilə fərqli olmalıdır…
Şərh əlavə et