McLaren bu dəyişkən şəraitə məhəl qoymayıb və hər 3 məşq sessiyasını lider tamamlayıb. Pirelli bura C1, C2 və C3-dən ibarət ən sərt üçlüyü gətirib. Eyni tərkiblər bir həftə əvvəl Suzukadakından olduqca fərqli davranıb – asfaltla ilişmə az olub və sürücülər bundan şikayətləniblər.
Burada əsas sessiyalar axşam gün batandan sonra baş tutur. Sıralanma turu başlayana qədər temperatur bir qədər aşağı düşüb, küləyin sürəti isə artıb.
İlk sessiyada hamı Soft təkərlərlə yarışa başlayıb. Stroll və Tsunoda asfaltdan tam çıxdıqları üçün dövrələri ləğv edilib. Ferstappen son döngədə əylənmə zamanı səhvə yol verib və dövrəni başa vurmadan qaraja qayıdıb. Lakin ikinci cəhdində yaxşı nəticə göstərib. Norris 1:31.107 siyahıya başçılıq edib, Berman, Stroll, Bortoleto, Louson və Elbon üçün mübarizə bitib.
İkinci sessiyada başlayarkən bir neçə sürücü sürətli dövrəsini bitirməmiş Okon qəza edib və qırmızı bayraqlar dalğalanıb. Antonelli və Rassell vaxtından əvvəl boksu tərk etdikləri üçün stüardlar tərəfindən araşdırılacaqlar. Yaşıl bayraqlardan sonra mübarizə davam edib. Piastri 1:30.454-lük dövrə vurub və ikinci cəhdinə çıxmasa da, lider olaraq qalıb. Okon, Alonso, Hülkenberq, Hacar və Duhan mübarizəni dayandırıblar. Stüardlar sonradan Hülkenberqin ilk sessiyadakı dövrəsini ləğv ediblər və Elbon 15-ci yerə qalxıb.
Son sessiyada Mercedes sürücüləri yeni, qalanları isə işlənmiş Soft təkərlərlə başlayıblar. Piastri ilk cəhdində hamıdan fərqlənib – 1:30.233. Ferstappen əyləclərdən şikayətlənib. Həmilton trasdan tam çıxdığı üçün nəticəsi ləğv olunub. İkinci cəhdlərdə Rassell zirvəyə qalxsa da, 1:29.841-lik nəticə ilə Piastri qarşısıalınmaz olub.
Oskar Piastri mövsümdə və karyerasında ikinci poulu qazanıb. Sabah onun yanından yarışa Corc Rassell başlayacaq. İkinci cərgədə Lekler və Antonelli, üçüncü cərgədən Qasli və Norris, dördüncü cərgədən isə Ferstappen və Sayns başlayacaqlar.
Şərh əlavə et