Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Tsunoda stabil deyil

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Yuki Tsunoda qeyri-stabil sürücüdür və buna görə də Red Bull komandasına gətirilmir. 

Kokpit.az xatırladır ki, Serxio Peres 2024-cü ildə pis performans göstərir və buna görə də əksəriyyət düşünür ki, Red Bull onu qovacaq. Meksikalı sürücünün yerinə əsas namizədlər isə Franko Kolapinto və Liam Lousondur. 

RB komandasının sürücüsü Yuki Tsunoda isə Red Bull üçün namizəd olmadığı üçün kefi pozulub. O, Peresin yerinə niyə düşünülmədiyini hələ də anlaya bilmir.

Yuki Tsunoda Qətər Qran Prisində jurnalistlərə cavab verib: “Namizədlər arasında olub-olmadığımı bilmirəm. Əgər orada deyiləmsə, nə etməli olduğumu da bilmirəm. Əminəm ki, orada olsam, daha yaxşı yerlər üçün mübarizə apararam və onların istədiyi şeyləri edərəm. Amma yekunda son qərarı onlar verirlər.

Keçmişə baxsaq, görərik ki, komandada bir sürücü davamlı olaraq rəqibini geridə qoyarsa, o daha yaxşı komandaya gedər. Amma bəlkə də, Ditrix Mateşicin vəfatından sonra Red Bull-da bəzi şeylər dəyişilib. Ancaq öz adıma danışsam, nəyə görə mənim adım namizədlər arasında deyil anlamıram”.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko isə Yuki Tsunodanı nəyə görə istəmədiklərini deyib: “Braziliya və Las Veqasda çox yaxşı performans göstərdi. Ancaq Braziliya Qran Prisindən əvvəl iki axmaq səhv etdi. Yukinin sürəti olsa da, davamlılığı və stabilliyi yoxdur. İşlər onun üçün yaxşı getsə, doğrudan da çox yaxşı nəticələr əldə edə bilir.

Mövsümün son yarışı Əbu Dabidən sonra bazar ertəsi günü iclas olacaq və orada son qərarları verəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et