Cəmi bir sərbəst yürüş sessiyası olduğundan, bu təsnifat mərhələsini həm də əsas sıralanma turuna hazırlıqların davamı kimi dəyərləndirmək olar. Sürücülər çempionatında qalib bəlli olsa da, Mühəndislər Kubokunda McLaren və Ferrari arasında amansız mübarizə var. Pirelli bura ən sərt üç təkəri – C1, C2 və C3 tərkiblərini gətirib.
İlk sessiyada sürücülər reqlamentin tələbinə uyğun olaraq Medium təkərlərlə mübarizəyə başlayıblar. Norris ilk öncə fərqlənsə də, Ferrari sürücüləri və Ferstappen onu üstələyiblər. Sürücülər ardıcıl dövrələr vurublar. Lando hamıdan üstün olub – 1:21.356. Kolapinto, Çjou, Okon, Tsunoda və Peres mübarizəni dayandırıb.
İkinci sessiyada yenə hamı orta təkərlərlə trasa çıxıb. Piastri çınqıllığa düşüb və dövrəsi sayılmayıb. Maqnussenin də dövrəvi nəticəsi qeydə alınmayıb. Norris yenə hamıdan sürətli olub. Bu dəfə mübarizədən Maqnussen, Stroll, Bottas, Elbon və Alonso məğlub ayrılıblar.
Son sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Qasli pit yolunda Ferstappenin önünə təhlükəli şəkildə buraxılıb. Maks qəzadan son anda yayınıb. Qüvvələr balansı bu dəfə də dəyişməyib. Norrisin dövrəsini heç kim üstələyə bilməyib – 1:21.012.
Lando Norris karyerasında üçüncü dəfə sprint yarışının poulunu əldə edib. O sabah həmyerlisi Corc Rassellə ilk cərgəni bölüşəcək. Oskar Piastri və Karlos Sayns ikinci, Şarl Lekler və Maks Ferstappen isə üçüncü cərgədən start alacaqlar.
McLaren sabahkı qısa yarışda Ferrari ilə xal fərqini bir qədər artırmaq üçün yaxşı fürsət əldə edib…
Şərh əlavə et