Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Audi səhmlərini qətərlilərə satıb

Audi Formula 1 komandasının cüzi miqdarda səhmləri Qətərin investiya fonduna satıb.

Kokpit.az bildirir ki, Audi 2026-cı ildə Formula 1-də çıxış edəcək və bu layihəni gücləndirmək üçün vacib addımlar atır. Almaniyalı istehsalçı mart ayında bildirmişdi ki, Sauber-in bütün səhmlərini almağı planlaşdırırlar. Ancaq Audi bu planı təkmilləşdirmək üçün Qətər İnvestiya Avtoritetini (QİA) komandaya ortaq kimi daxil edib.

(QİA) Audi Formula 1 komandasının az miqdarda səhmlərini alaraq, bu layihəyə investor kimi daxil olub. Bu razılaşma Qətər Qran Prisindəki birinci sərbəst yürüşlərdən dərhal sonra bildirilib. Bu prosesin 2025-ci ilin ikinci rübünə qədər tamamlanması gözlənilir. QİA-nın investiyası Audi-nin Formula 1 komandasına ciddi sərmayə ilə təmin edəcək. Audi bu resursu komandanın bazasını və işçi qüvvəsini böyütmək üçün istifadə edəcək.

Audi-nin İdarə Heyətinin Rəhbəri Gernot Döllner bildirib ki, QİA-nın bu addımı layihəyə olan inamı göstərir: “QİA-nın etdiyi yatırım Audi-nin Formula 1 layihəsinə olan inamı əks etdirir və bu layihəyə olan sadiqliyimizi göstərir. Əlavə sərmayə komandanın böyüməsini sürətləndirəcək və uzun müddətli strategiyamızda vacib dönüm nöqtəsi olacaq. Qətərdən gələn bu dəstək 2026-cı ildəki ilk yarışımızdan əvvəl bazamıza enerji qatacaq.

 

Volkswagen-in vəziyyəti və Audi-nin strategiyası

QİA-nın bu sərmayəsi Audi-nin əsas şirkəti Volkswagen Qrupunun maliyyə problemləri yaşadığı dövrə təsadüf edir. Ancaq Audi-nin İdarə Heyətinin Rəhbəri Gernot Döllner bildirib ki, bu iki hal bir-birləri ilə əlaqəli deyil. Audi bu həmləni güclü ortaqlıq qurmaq üçün vacib bir addım kimi görür.

Bu strategiya Formula 1 komandaları arasında da çox yayılıb. Məsələn, Mercedes-in  Formula 1 komandasında sahib olduğu səhm nisbəti 33 faizdir. Qalan səhmlər isə komandanın rəhbəri Toto Volff və İNEOS arasında bölüşdürülüb. Buna bənzər formada Alpine komandasının bəzi səhmləri sərmayə şirkətlərinə satılıb. Audi də gələcəkdə səhmlərin bir hissəsini başqa şirkətlərə sata bilər.

Rauf Hacıyev

Şərh əlavə et