Kokpit.az bildirir ki, Sinqapur Qran Prisi Liam Louson üçün arzuolunan həftəsonu deyildi, çünki o bilirdi ki, yarışdan sonra Daniel Rikkardonu işindən edəcək.
Düzdür, yeni zelandiyalı sürücünün RB komandasında Daniel Rikkardonu əvəz edəcəyi ilə bağlı dedi-qodular var idi. Bunun bu il mövsümün gedişində ya da gələn il olacağı ilə bağlı müəmmalar mövcud idi. Lakin kənardan baxılanda Daniel Rikkardonun bu xəbəri Sinqapur Qran Prisində öyrəndiyi görünürdü. Ancaq bütün həftəsonu qarajda ehtiyat sürücü kimi oturan Liam Louson olacaqları avstraliyalı pilotdan əvvəl bilirdi: “Sözün açığı bu söz-söhbətləri iki həftə əvvəldən bilirdim.
Amma hamıya elan edilmədən dəqiqləşdiyini hiss etmirdim və heç kəsə bu barədə deyə bilməzdim.
Düzünü desəm, onunla eyni boksda olmaq yaxşı deyildi. Sinqapurdakı həftəsonundan həzz almadım, çünki hamımız nələrin baş verəcəyini bilirdik. Daniel həmişə mənə qarşı çox yaxşı olubdur. Keçən il və hətta bu mövsüm özümü onunla rəqabət halında və ya başqa vəziyyətdə hiss etmədim. Heç vaxt belə hiss etdirmədi. Buna görə də heç də yaxşı anlar deyildi.
Amma açıq danışsaq, Formula 1-də yarışmaq üçün tək şansım var və o da indi gəldi. Bu fürsətə görə minnətdaram. Amma indi bunu iki əllə tutmalıyam. O da mənə lazımi şeyləri dedi. Dedi ki, bu fürsəti yaxşı dəyərləndirməlisən. Sinqapurda da əla iş gördü.
Düzünü desəm, onun çətinliklərlə mübarizə aparmasına hörmət edirəm, çünki bunun necə hiss olduğunu heç xəyal belə edə bilmirəm.
Mənim keçənilki vəziyyətimə bənzəsə də, o məndən çox göz önündədir və məhşurdur. Buna görə də ona çox sual verilir və bu sualları yola verməyə çalışır. Çox yaxşı iş gördü”.
Qeyd edək ki, Liam Lousonun müqaviləsinə görə Red Bull gənc sürücüyə sentyabrın sonuna qədər Formula 1-də yer verməyəcəyi halda komandadan gedəcəyi ilə bağlı bənd olub. Ancaq 2024-cü illə bağlı şərt olub-olmadığı bilinmirdi.
Liam Louson: “Uzun müddət plan belə idi. Ən azından bu yöndə gedirdi.
Açıq danışsam, müqaviləmdə yerinə gətirilməli olan şərt var idi. Yəni gözlənilən bu idi və bir neçə həftə əvvəl mənə olacaqları dedilər və bundan sonra da hər şey yerini tapdı”.
Liam Louson bildirib ki, hələki müqaviləsi ilin sonuna qədərdir. 2025-ci illə bağlı isə hələki heç nə bilmir: “İndi isə mövsümün sonuna qədər vaxtım var və mövsüm getdikcə gələcəklə bağlı hər şey daha da məlum olacaq. Önümdə 6 yarış var.
Təməl olaraq yaxşı performans göstərməliyəm. Formula 1-dəki dəyərimi açıq formada göstərməliyəm. Keçən il göstərdiyim performansa yaxın performansla yadda qalmalıyam. Hazırda məhz o performansıma görə bu şansı əldə etmişəm.
Gələn il də burada qalmaq üçün lazımi performansı göstərməliyəm”.
Qeyd edək ki, Liam Louson keçən il əli qırılmış Daniel Rikkardonu Niderland-Qətər Qran Prilərində əvəz etmişdi.
Şərh əlavə et