Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Həmiltona güvənirdim

Haas komandasının sürücüsü Oliver Berman Azərbaycan yarışı ərzində əfsanəvi Lyuis Həmiltonla mübarizə aparıb və 1 xal qazanıb.

Kokpit.az xatırladır ki, Oliver Berman Azərbaycan yarışında cəzalı Kevin Maqnusseni əvəz etmişdi. Gənc britaniyalı yarış ərzində əfsanəvi Lyuis Həmiltonla mübarizə aparıb və güclü rəqibini uzun müddət arxasında saxlaya bilib. Lakin yarışın bitməsinə 10 dövrə qalmış yeddiqat Dünya Çempionu Həmilton start-finiş düzlüyündə etdiyi hücumla gənc yerlisini geridə qoya bilib.

Oliver Berman: “Xarici trayektoriyadan hücum edərkən sizə boşluq buraxacağını bilirsiniz və bu gözəl hissdir. Birinci döngədə məni divara sıxmayacağını bilirdim və bu hal digər sürücülərdə çox az hallarda olur. Bu gözəl hissdir və onunla yarışmaq həm təmizdir, həm də çətindir”.

Oliver Berman pitdən çıxanda Lyuis Həmiltondan bir neçə saniyə öndə olsa da, aradakı fərq çox az idi. Britaniyalı sürücü bu haqda belə danışıb: “Frankonu keçmək üçün bir neçə dövrə əlimdən gələni etdim. Təkərlərim qızmağa başladı. Elə o anda da mənə hücum etdi və asanlıqla keçdi.

Ondan sonra bir neçə dövrəyə ehtiyacım var idi və yenidən ona çatdım. Az qala DRS yenidən açılırdı. Onun keçməsinə icazə verməyim məyusedicidir. Arxanızda elə adam varsa, kiçik səhvlər etməməlisiniz”.

Oliver Berman Pereslə Saynsın insidentindən sonra Lyuis Həmiltonla birgə Hülkenberqi geridə buraxdı. Almaniyalı sürücü qəzadan sonra trasa dağılan qırıntılardan narahat idi.

Daha sonra Niko Hülkünberq 15-ci döngədə divara çırpıldı və təkərinə zərər verdiyini düşündü. Son anlarda yaşanan bu hadisələrə görə almaniyalı sürücü əlavə 2 yer itirdi.

Oliver Berman: “Yenidən yaşıl işıq yandı və Lyuis ilə birlikdə ona çatdıq. Bu ötmə idi. Ona görə çox məyusam. Eyni zamanda Frankoya keçilmək qorxusu var idi, amma xal aldığım üçün çox sevincliyəm”.

Oliver Berman mövsümün ikinci yarışı Ciddədə xəstələnmiş Karlos Saynsı əvəz etmiş və yarışı 7-ci yerdə bitirərək, 6 xal qazanmışdı. O uğurun arsından Azərbaycan yarışından da xalla ayrıldığı üçün sevincli olduğunu deyib: “Çətin yarış idi. Öndəkilər qəza etməsələr, xal qazana bilməyəcəkdim. Bolid doğrudan da sürətli idi. Düzünü desəm, mən də sürətli idim. Sadəcə yarışın əvvəlində sürətli sürmədiyim üçün çox vaxt itirdim. Təkərləri qoruyurdum. Bu doğrudan da lazım deyildi.

İkinci sərbəst yürüşlərdəki təcrübəmi yarışa çox daşıdım, ancaq yarışda tras o qədər fərqli idi ki, hər şeyi unudub sıfırdan başlamalı oldum. Bunu təcrübə ilə əlaqələndirirəm”.

Rauf Hacıyev

Şərh əlavə et