Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Divarlardan uzaq qalmağa çalışdım

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunda poul qazanmaq üçün divarlardan uzaq qalmağa çalışıb.

Kokpit.az xatırladır ki, monakolu sürücü Bakıdakı birinci sərbəst yürüşlərdə qəza etsə də, ikinci sərbəst yürüşləri zirvədə, üçüncü sərbəst yürüşləri isə ikinci yerdə bitirmişdi.

26 yaşlı sürücü bu üstün performansını sıralanma turunda da davam etdirib və Bakıda ardıcıl 4-cü poulunu əldə edib.

Şarl Lekler sıralanma turundan sonra bu açıqlamaları verib: “Mövsümün ən çox sevdiyim traslarından biridir. Buranı doğrudan da çox sevirəm. Çətin həftəsonu oldu, çünki birinci sərbəst yürüşlərdəki qəza işləri çətinləşdirmişdi. Amma buna görə özümə olan inamım itmədi. Tempimizin olduğunu bilirdim.

İkinci sərbəst yürüşlərdə maşına yeni quraşdırılan detalla bağlı problem yaşadıq və yarım saat itirdik. Bu dövrələri geri qazana bilmədik, amma tempimiz yerində idi.

Sıralanma turunda divardan uzaqda qalmaq çox vacib idi. O son dövrədə bir az da limitdə sürdüm və dövrəvi nəticəm çox gözəl idi. Maşında özümü yaxşı hiss etdim və hər şey gözəl idi. Poulda olmaq inanılmazdır.

Birinci və üçüncü yerdən başlamaq istədiyimiz şeydir. Ümid edirəm ki, sabah komanda işini yaxşı quraraq yarışı qazanarıq.

Keçmişdə burada yarışda çətinlik çəkirdik. Bu il maşınımız yarışda daha güclüdür. Buna görə də ümid edirəm sabah nəhayət ki, bacararıq.

Montsada doğrudan da yaxşı işlədik, amma hər yarışa sıfırdan başlamalıyıq. Sabah təkər yeyilməsinin daha çox olacağını düşünsək, bu gecə yaxşı işləyərək sabaha hazırlanmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et