Kokpit.az bildirir ki, Pirelli bura C3, C4 və C5 tərkiblərini gətiriblər. Sürücülər sessiyaya Medium təkərlərlə başlayıblar və sürətlərini tədricən artırıblar.
Oliver Berman 12 cərimə xalı alaraq diskvalifikasiya edilmiş Kevin Maqnusseni əvəzləyib və karyerasında ikinci F1 yarışı üçün Bakıya gəlib. Mövsümün ortasında Loqan Sarcenti əvəzləyən Franko Kolapinto da Bakıda ilk dəfə sükan arxasına keçib.
Sessiya sakit keçməyib. Çoxları uzun düzlükdəki yırğalanmalardan şikayət edib. Mercedes-də isə oturacağın qızması problemi yenə özünü göstərib. Bottas, Sayns və Elbon təhlükəsizlik cibinə giriblər. Nəhayət, 12-ci dəqiqədə isə qırmızı bayraqlar dalğalanıb. Okon mühərriyi güc itirmiş maşını pitə çatdırıb.
İkinci qırmızı bayraqlar isə Leklerin qəzasına görə olub – monakolu sürücü 15-ci döngədə sürüşərək divara dəyib və maşının asılqanını qırıb. Bir qədər sonra sessiya yenə dayandırılıb. Bu dəfə isə Kolapintonun qəzası buna səbəb olub. Gənc sürücü yüklənmə sensoru işə düşdüyündən, müayinə üçün tibbi mərkəzə göndərilib.
Protokollara 1:45.546-lıq nəticə ilə Maks Ferstappen başçılıq edib. Növbəti sərbəst yürüşlər 17:00-da start götürəcək.
Şərh əlavə et