Bakı Şəhər Halqası fərqli trasdır. Bakı Şəhər Halqasında sazlanma tapmaq komandalar üçün çətindir. Bunun da əsas səbəbi havanın və küləyin tez-tez dəyişməsi və trasın quruluşudur. Komandalar burada maşını düzlüyə yoxsa döngələrə sazlamaq arasında çətin seçim qarşısında qalırlar. Biz Azərbaycan yarışlarında bir neçə dəfə gözlənilməz hadisələrin baş verdiyinə şahid olmuşuq.
Red Bull komandası gözlənilməzlərlə dolu bu trasda 4 dəfə qalib gəlib. “Qırmızı öküzlər” son 3 yarışda isə rahatlıqla qələbə qazanaraq, özlərini lap Bakının yiyəsi kimi aparıblar. Bəs bu il Bakı Şəhər Halqasında ardıcıl 4-cü, ümumilikdə isə 5-ci qələbə gələcək? Gəlin şansları dəyərləndirək.
Avstriya komandası bu mövsümə fırtına kimi başlayıb ilk 5 yarışın 4-də rahatlıqla qalib gəlmişdi. Daha sonra isə rəqiblər sürətlə inkişaf edərək, Avstriya komandasına çatdılar. Hazırda qələbə uğrunda mübarizə 4 komanda arasında gedir və geridə qalan 16 yarışda 4 fərqli komanda, 7 fərqli pilotdan qələbələr görmüşük. Uzun illər idi ki, bir mövsümdə bu qədər çox sürücü yarış qazana bilmirdi. Belə olan halda Bakıda bizi 4 komanda, 8 sürücü arasında amansız mübarizə gözləyəcək.
Red Bull komandası son 6 yarışda qələbə üzünə həsrət qalsa da, Bakı onlar üçün dərman ola bilər, çünki yuxarıda qeyd etdiyim kimi Azərbaycan Qran Prisi hava şəraitinə görə həmişə gözlənilməz hadisələrə səbəb olub. Red Bull komandası və Maks Ferstappen isə həmişə ekstremal şəraitlərdən üzüağ çıxmaqları ilə fərqləniblər. Məsələn, 2016-cı ilin Braziliya yarışı, 2017-ci ilin Azərbaycan yarışı, 2019-cu ilin Almaniya yarışı və s.
Son yarışlarda, xüsusən də yay tətilindən sonra McLaren rəqiblərindən bir baş üstün görünür. Lakin son İtaliya yarışında gördük ki, “narıncılar” hələ də çempionluq uğrunda mübarizənin stressini qaldıra bilmirlər. Onlar iki pit-stop strategiyası ilə qələbəni rəsmi olaraq Şarl Leklerə hədiyyə etdilər. Bununla da McLaren göstərdi ki, maşının sürətli olması hər şey deyil.
Şarl Leklerə gəldikdə isə Azərbaycana İtaliyada yarış qazanaraq gəlir. Onun Bakı Şəhər Halqasında son 3 mövsümdə poul aldığını unutmamalıyıq. Düzdür, o bu poullardan heç birini qələbəyə çevirə
bilməyib və hətta yalnız birində – 2023-cü ildə podiuma çıxa bilib. Amma monakolu sürücü İtaliyada qazandığı yarışın yüksək əhvalı ilə Azərbaycanda da karyerasının ilk qələbəsini qazana bilər.
Mercedes komandasına gəldikdə isə onlar Azərbaycan Qran Prisinin qapalı qutularıdırlar. Daha əvvəl Bakıda 3 yarış qazanmış “gümüşü oxlar” mövsümün ikinci yarısına elə də yaxşı başlamayıblar. Buna baxmayaraq Lyuis Həmilton təcrübəsi ilə Corc Rassell isə istəyi ilə burada fərq yarada bilərlər. Onsuz da Mercedes bu il qazandığı 3 yarışda da həftəsonunun favoriti deyildilər.
Ümumilikdə Bakı Şəhər Halqasında indiyə kimi 7 yarış keçirilib. Bu yarışların ilk 6-da 6 fərqli sürücü qalib gəlmişdi. Buna görə də padokda əksəriyyətin dilində bir söz var idi – Bakı Sindromu. Bakı sindromunu yox edən pilot isə keçən il Red Bull-u ilə bu trasda ikinci qələbəsini qazanan Serxio Peres olmuşdu.
Meksikalı sürücü bu il heç də yaxşı mövsüm keçirmir. O, artıq 11 yarışdır ki, podium üzünə həsrətdir. Lakin o, sözün əsl mənasında “şəhər uşağı”dır. Belə ki, Formula 1 karyerasında qazandığı əksər yarışlar şəhər tipli traslarda olub.
Serxio Peres Bakı Şəhər Halqasının ən uğurlu sürücüsüdür. O, paytaxtımızda 2 qələbə, 3 podium əldə edib. Bəs “şəhər uşağı” olan Çeko Bakıda builki uğursuzluqlarına son verə biləcək? Onun 2016 və 2018-ci illərdə Force İndia ilə Bakıda podium qazandığını nəzərə alsaq, bu mümkünsüz deyil.
Artıq mövsümün son üçdə birinə başlayırıq. Bakı həmişə həyəcanverici və gözlənilməz yarışlara ev sahibliyi edib. Burada hər şey 1 saniyə içində dəyişə bilər. Məsələn, 2017-ci ildə ilk 10 dövrədən sonra heç kim Daniel Rikkardonun, 2018-ci ildə yarışın yarısından sonra heç kim Lyuis Həmiltonun, 2021-ci ildə isə yarışın üçdə iksindən sonra heç kim Serxio Peresin qələbəsinə ehtimal verməzdi. Lakin bu yarışlarda hər şey elə ani olaraq dəyişdi ki, insanlar gözlənilməzi yaşadılar. Bəs bu il necə olacaq? McLaren ya da Ferrari Azərbaycanda ilk qələbələrini alacaqlar? Yoxsa Mercedes komandası Bakıdakı qələbə sayını dördə yüksəldəcək? Yoxsa mövsümdə 8-ci fərqli qalib sürücünü görəcəyik? Bəlkə elə bu Bakı küçələrinin mütəxəssisi Serxio Peres olacaq?
Şərh əlavə et