Xəbəri Kokpitdə Oxuyun!

Formula 3-də çempionluğu az fərqlə əldən verən Qabriele Mini Azərbaycan Qran Prisində Formula 2 yarışına çıxacaq.

Kokpit.az xatırladır ki, Kevin Maqnussen İtaliya yarışında Pyer Qasli ilə insident yaşadığı üçün onun lisenziyasına 2 cərimə balı yazılıb. Beləliklə danimarkalı sürücünün super lisenziyasına son 1 ildə 12 cərimə balı yazılıb və o, Azərbaycan yarışından diskvalifikasiya olunub. Bakı Şəhər Halqasında Kevin Maqnusseni hazırda Formula 2-də Prema komandasında mübarizə aparan Oliver Berman əvəz edəcək.

Belə olan halda Bakıda Formula 2-də Prema komandasında bir yer boş qalacaqdı. Belə olan halda isə Prema komandası İtaliyada Formula 3 üzrə Dünya Çempionluğunu son anda əldən verən Qabriele Minini Oliver Bermanın yerinə gətirmək qərarına gəlib. İtalyan sürücü Azərbaycan Qran Prisində ilk dəfə Formula 2 yarışına çıxacaq.

Mini bu mövsüm Formula 3-də Prema komandasının şərəfini qoruyub. O, mövsümün son yarışı İtaliyadan minimum təkər təzyiqinə görə diskvalifikasiya olunub və beləliklə mövsüm ikinci yerdə bitirib.

Mininin gələn il Formula 2-də Prema komandasında çıxış etməsi gözlənilir. Bu il Prema adına Formula 2-də çıxış edən Oliver Berman və Kimi Antonelli növbəti mövsümdən Formula 1-də yarışacaqlar. Buna görə də gənc Mininin önü açılır.

Alpine komandasının yetirməsi olan Qabriele Mini Formula 2-dəki gözlənilməz debütü barədə bunları deyib: “Prema Racing ilə Formula 2 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacağam və buna görə çox sevincliyəm. 2024-cü ildə güclü mövsüm keçirdik və son döngəyə qədər çempionluq mübarizəsinin içində idik.

2025-ci il Formula 2 çempionatına hazırlıq mərhələsinə tez başlamaq və Bakıda yarışmaq mənim üçün çox vacibdir. Bu, mənim üçün yeni seriyanı və yeni maşını öyrənməyə gözəl fürsətdir”.

Qeyd edək ki, 19 yaşlı Mini 2020-ci ildə İtaliya F4 və ADAC F4 çempionatlarında Prema üçün yarışıb. Daha sonra Formula Regional yarışlarında Hİtech və ART komandalarının şərəfini qoruyub.

İtalyan sürücü Formula 3 karyerasına da 2023-cü ildə Hitech ilə başlayıb. Lakin Makau Qran Prisindən etibarən Prema-ya keçib və 2024-cü ilin son yarışına qədər burada yarışıb.

Rauf Hacıyev

Şərh əlavə et