Xəbəri Kokpitdə Oxuyun!

L.Sarcent: Təşəkkür edirəm

Loqan Sarcent Williams ilə yollarını ayırdıqdan sonra komandaya təşəkkürünü bildirib.

Kokpit.az xatırladır ki, amerikalı sürücü Formula 1-də keçən il Williams komandası ilə debüt etmiş və indiyə kimi 36 yarışa çıxmışdı. O, Formula 1 karyerası ərzində bir yarışda – keçən ilin ABŞ yarışında xal alıb. Lakin Loqanın qəzaları Williams komandasının səbir kəsasını doldurub və Britaniya təmsilçisi Niderland yarışından sonra Sarcenti göndərərək, onun yerinə öz yetirmələri olan Franko Kolapintonu gətirib. 

Amerikalı sürücü onsuz da mövsümün sonunda Williams-dan gedəcəkdi, çünki komanda növbəti mövsüm üçün onun yerinə Karlos Saynsı gətirmişdi. Amma Williams-ın Sarcentin səhvlərinə səbiri qalmayıb və 23 yaşlı pilotun Formula 1 dəftəri bununla da bağlanıb.

Buna baxmayaraq Loqan Sarcent sosial şəbəkə üzərindən Williams komandasına təşəkkür edib: “Formula 1-də yarışma fürsəti verdikləri üçün Williams komandasına minnətdaram. Gənc sürücü akademiyasına qatıldığım 2021-ci ildən bəri verilən dəstəyə görə minnətdaram.

Əbu Dabidə ilk dəfə Formula 1 bolidi sürməyim həyatımın ən önəmli anlarından biri idi. Keçən il Ostində xal aldım və Amerikada 30 ildən sonra xal qazanan ilk amerikan pilot oldum. Son iki mövsümdə belə böyük keçmişi olan komandanı təmsil etdim və çox qürurluyam.

İndi gələcəklə bağlı açıqlama vermədən əvvəl önümdəki alternativləri dəyərləndirəcəyəm. Hər şey üçün təşəkkür edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et