Kokpit.az xatırladır ki, Lyuis Həmilton növbəti mövsümdən Ferrari komandasının şərəfini qoruyacaq. Düzdür, mövsümün əvvəlində elə görünürdü ki, yeddiqat Dünya Çempionu düzgün addım atıb. Lakin hazırda Mercedes inkişaf edib və son iki yarışda qalib gəlib. Ferrari isə podium uğrunda mübarizədən belə uzaqdadır və hazırda ən sürətli dördüncü komandadır.
Sürücülər komanda dəyişəndə çox nüansı nəzərə alırlar. Buna görə də Həmiltonun Ferrari-yə keçməsi tək performansla əlaqəli deyil.
Lyuis Həmilton qazandığı Silverstoun yarışından sonra Ferrari-yə keçdiyi üçün peşman olmadığını demişdi: “Xeyr. Peşman deyiləm. İlin əvvəlində bolidimiz Red Bull-un yanına yaxınlaşa bilmirdi. Buna görə də bu il yarış qazanacağımızı düşünməmişdik”.
Keçmişdə Lyuis Həmiltonla komanda yoldaşı olmuş və onunla mübarizə aparmış Niko Rosberq isə bu barədə belə fikir bildirib: “Məncə, onun karyerası üçün gözəl sonluq olacaq. Sizcə də elə deyil? Ferrari-də yarışmaq hər sürücünün xəyalıdır. Mercedes-də onsuz da missiyasını bitirib.
Ferrari-yə keçid Lyuis üçün əla təcrübə olacaq. Məncə, Ferrari növbəti mövsüm üçün çox güclü ola bilər. Buna görə də onun qərarını anlayıram və düşünürəm ki, düz iş gördü”.
Şərh əlavə et