Xəbəri Kokpitdə Oxuyun!

Sauber Stefano Sordonu transfer edib

Sauber komandası yeni yaradılan performans direktorluğu vəzifəsinə Stefano Sordonu təyin edib və böyüyən texniki şöbəsini gücləndirib.

Kokpit.az bildirir ki, Sordo birbaşa texniki direktor Ceyms Kiyə izahat verəcək və o 2026-cı ildə Audi komandası olmağa hazırlanan isveçrəli kollektivin performansını artırmağa kömək edəcək.

Sordo avtoidman aləmində tanınan və hörmət görən adamdır. O, 2010-2013-cü illərdə Red Bull komandasında işləmiş və “qırmızı öküzlər”in ardıcıl 4 dəfə Dünya Çempionluğunda pay sahibi olmuşdu. İtalyan mütəxəssis 2004-cü ildə Red Bull-a transfer olunmuş, 2006-cı ili isə Toro Rosso komandasında keçirmişdi. Daha sonra isə aero performans lideri kimi Red Bull-a qayıtmışdı. Bu vəzifədə 7 il işlədikdən sonra o, 2014-2016-cı illərdə aero şöbəsində rəhbər olub. 2016-cı ildə isə McLaren-ə keçib və 2022-ci ildə buradan ayrılıb.

Onun son iş yeri isə İndyCar və İMSA-da mübarizə aparan RLL Racing komandası olub. Stefano burada texniki direktor kimi işləyib.

Sauber-in rəhbəri Andreas Zaydl: “Stefanonun gəlişi texniki şöbəmizin quruluşunun inkişafı üçün vacib bir addım oldu. Stafano qazanan komandanın nəyə ehtiyacı olduğunu bilir. Komandaya zəngin təcrübə gətirir və keçmişdə tutduğu fərqli vəzifələr ona imkan verəcək ki, texniki şöbəmizin güclü və zəif tərəflərini təhlil etsin. Hinvildə güclü texniki komandamız var və Stefanonun gəlişi bizə daha güclü olmağa kömək edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et