Kokpit.az xatırladır ki, Meksikalı sürücü Azərbaycan yarışını 15-ci yerdə bitirsə də, Qabriel Bortoletonun cəzasından sonra 14-cü yeri tutub.
Serxio Peres: “Bakıdakı həftəsonunu karyeramın ən yaxşılarından biri hesab edirəm. Pilotajımdan razıyam. Bizdən bir-iki saniyə daha sürətli olan bolidlərlə mübarizə aparmalı olduq və ilk hissədə onlara yaxın tempdə qala bilirdim. Döngələrdən birində nəsə səhv getsəydi, divara çırpıla bilərdim, amma heç bir səhvə yol vermədim və yarışı necə keçirdiyimlə fəxr edirəm. Bu baxımdan həftəsonu müsbət keçdi və irəliyə doğru yaxşı addım atdıq.
Nəticə qazanmaq üçün bizə sürət çatmır və bolidin hava müqaviməti həddindən artıq böyükdür. Bərabər mübarizə aparmaq üçün bir saniyə qazanmalıyıq. Hazırda isə rəqiblər düzlüklərdə sadəcə yanımızdan keçib gedirlər.
Qarşıdakı həftəsonlarına nikbin yanaşırıq və ümid edirəm ki, inkişaf edə biləcəyik. Böyük yeniliklər planlaşdırılmır, mövsümün sonu asan olmayacaq, amma təslim olmuruq. İşimizi davam etdirməli, maksimum səy göstərməliyik. O zaman hər şey mütləq alınacaq”.




Şərh əlavə et