McLaren Bakıda Norrisin Alpine pilotları arasındakı qəzadan zərər görməsi və Oskar Piastrinin geriləməsi ilə çətin yarış keçirib.
Yarışdan sonra jurnalistlərə müshibə verən Stella yeniliklərin məlumatlarında problem olmadığını, lakin avtomobilin hava müqaviməti, ötürmə nisbətləri və güc qurğusunun optimallaşdırılması baxımından ciddi çatışmazlıqlarının olduğunu deyib: “Bu, həqiqətən çox məyusedici yarış oldu.
Həftəsonu ərzində bəzi problemlər və səhvlər yaşadıq. Amma eyni zamanda paketimizin, xüsusilə belə traslarda üzə çıxan əsas limitlərinin də cəzasını ödədik. Çünki döngələrdə kifayət qədər sürətli deyildik, amma əsas problem düzlükdə çox yavaş olmağımız idi.
Bu vəziyyət pilotlarımızı daim hücuma açıq qoydu. Onlar yarışda necə irəliləyəcəklərini düşünmək əvəzinə, demək olar ki, bütün yarışı güzgülərə baxaraq keçirməli oldular.
Lando üçün həqiqətən çox təəssüf oldu. Çünki o, yarışı başa vurmağa və podyuma yüksəlməyə layiq idi. Həftəsonunun bütün hissəsində də çox yaxşı performans göstərdi.
Oskarın isə 2026-cı il avtomobilinə uyğunlaşma prosesində olduğunu və hələ öyrənmə mərhələsindən keçdiyini bilirik. Bunun mükafatını almağı çox istərdik. Avtomobilimizin uzun düzlüklərdə niyə lazım olduğu qədər rəqabətədavamlı olmadığını araşdırmalıyıq. Bunun tək bir problemdən qaynaqlanmadığı açıqdır.
Əlbəttə, avtomobili aerodinamik baxımdan inkişaf etdirməli olduğumuzu həmişə açıq və şəffaf şəkildə demişik. Lakin eyni zamanda ötürmə nisbətləri ilə bağlı bir neçə amil də var. Məsələn, belə yüksək sürətlərə çıxılan traslarda mübarizə aparmaq üçün nisbətlərin düzgün seçilib-seçilmədiyini daha yaxşı dəyərləndirməliyik.
Eyni zamanda məlumatlara baxıb Mercedes ilə müqayisə etdikdə görürük ki, güc qurğumuz lazımi şəkildə optimallaşdırılmayıb. Sıralanma turlarında güc qurğusundan əldə edə biləcəyimiz maksimum performansı almağı bacarsaq da, optimallaşdıra bilmədiyimiz bir neçə məqam var idi və yarışda bunun cəzasını ödədik”.
Norrisin də təsirləndiyi təhlükəsizlik avtomobilindən sonrakı qəzanı dəyərləndirən Stella sözlərinə belə davam edib: “Təəssüf ki, baş verən qəza nəticəsində üzərində yeniliklər etdiyimiz bir neçə detalı itirdik. Amma xoşbəxtlikdən yeni detallar gəlməkdə davam edir. Buna görə qarşıdakı yarışlarda problem yaşamayacağıq.
Qəzaya səbəb olan pilota veriləcək cəzanın nə qədər çəkindirici olmasından asılı olmayaraq, Formula 1 avtomobili ilə Bakıda birinci döngəyə yaxınlaşırsansa və əvvəlki illərin videolarına baxmısansa, daha diqqətli olmalısan.
Çünki qəzaların daha ağır nəticələri də ola bilər. Əminəm ki, Alpine də bunun fərqindədir.
İstənilən halda stüardlara və onların yanaşmasına güvənirik. Ancaq hər şeydən əvvəl pilotların avtomobil idarə edərkən müəyyən səviyyədə məntiq nümayiş etdirəcəyinə inanmalıyıq”.




Şərh əlavə et