Azərbaycan Qran Prisindən sonra aparılan araşdırmanın ardından FIA stüardları yekun qərarlarını açıqlayıblar. Yarışın gedişində marşalların səhvən SC (Təhlükəsizlik avtomobili) panolarını göstərməsi və Audi komandasının radio vasitəsilə təhlükəsizlik avtomobilinin trasa çıxmadığını bildirməsinə baxmayaraq, Serxio Peresi keçən Bortoleto cəzadan yayına bilməyib.
FIA yaranmış qarışıqlığı və səhv panoların göstərilməsini yüngülləşdirici amil kimi nəzərə alıb. Lakin stüardlar sarı bayraq altında ötmənin heç bir halda qəbul edilə bilməyəcəyini vurğulayıblar.
FIA stüardlarının rəsmi qərarında qeyd olunur: “Stüardlar 5 nömrəli avtomobilin pilotu Qabriel Bortoleto və komanda nümayəndəsini dinləyib, video və bortkamera görüntülərini ətraflı şəkildə araşdırıblar.
Hadisə yarışın restartından sonra ilk dövrədə, 6 və 7-ci döngələr arasında baş verib. Hadisə zamanımarşallar yellənən sarı bayraqlarla yanaşı, fiziki SC panolarını da nümayiş etdirirdilər.
Lakin stüardlar həmin vaxt təhlükəsizlik avtomobilinin yarış direktoru tərəfindən trasa buraxılmadığını müəyyən ediblər.
Bortoleto əvvəlcə SC panolarına və sarı bayraqlara reaksiya verərək sürətini azaltdığını bildirib. Lakin sükanında təhlükəsizlik avtomobili ilə bağlı heç bir bildiriş görməyib və elektron ekranlarda da buna dair hər hansı işarə olmayıb.
Bundan əlavə, komanda ona təhlükəsizlik avtomobilinin trasa çıxmadığını bildirib. Buna görə Bortoleto yarışın həmin andakı vəziyyətindən əmin olmayıb və lazımsız yerə mövqe itirmək istəmədiyi üçün Peresi keçib.
Stüardlar ziddiyyətli məlumatların yaranmış vəziyyətə əhəmiyyətli dərəcədə təsir etdiyini qəbul edir. Xüsusilə təhlükəsizlik avtomobili trasa çıxmadığı üçün Bortoletonun təhlükəsizlik avtomobili rejimində başqa bir pilotu keçdiyini söyləmək mümkün deyil.
Lakin bu, yellənən sarı bayraqların pozulduğu faktını dəyişmir.
Bortoleto sarı bayraqları gördüyünü təsdiqləyib. Lakin onların SC panoları ilə birlikdə göstərilməsi səbəbindən bu bayraqları təhlükəsizlik avtomobili barədə eyni xəbərdarlığın bir hissəsi kimi qəbul etdiyini və təhlükəsizlik avtomobilinin trasa çıxmadığı bildirildikdən sonra həmin bayraqların artıq qüvvədə olmadığını düşündüyünü açıqlayıb.
Stüardlar bu izahı qəbul etmir. Yellənən sarı bayraq özlüyündə bir göstərişdir və digər işarələrdən asılı olmayaraq ona riayət edilməlidir.
Pilot bayrağın nə üçün göstərildiyi və ya göstərilməsinin lazım olub-olmadığı ilə bağlı şəxsi qiymətləndirməsinə əsaslanaraq sarı bayrağa məhəl qoymaya bilməz.
2026-cı il FIA qaydalarının tətbiqi də ətrafdakı vəziyyət qeyri-adi olsa belə, sarı bayraq xəbərdarlıqlarına əməl edilməsini tələb edir.
Bu səbəbdən SC panolarının yaratdığı başadüşülən qarışıqlığa baxmayaraq, Bortoleto yellənən sarı bayraqları görüb və sarı bayraq rejimi davam etdiyi vaxt Perezi keçib. Stüardlar buna görə Bortoletonun sarı bayraq şəraitində başqa bir avtomobili keçdiyinə qərar verib. Standart pozuntu cəzası olan 10 saniyəlik zaman cəzası uyğun hesab edilib”.
10 saniyəlik cəzanın ardından Gabriel Bortoleto Azərbaycan Qran-prisini 13-cü yox, 15-ci yerdə başa vurub.




Şərh əlavə et