Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan GP: Yubiley yarışı, növbəti ilklər, əsrin ən yaxın finişi

Beləliklə, 10-cu Azərbaycan Qran Prisi də tarixə qovuşdu. Etiraf edək ki, yubiley yarışına yaraşan həftəsonu oldu. Qəzalar gördük, podiuma gedənlərin birdən gerilədiyinin şahidi olduq, finişə qədər davam edən mübarizə izlədik. Ən əsası isə son döngəyə qədər nəticənin tam bəlli olmadığı yarışlardan birini izlədik.

Son döngəyə qədər Formula 1-in iki “mehriban düşməni” Maks Ferstappenlə Corc Rassell arasında gedən mübarizə də bunun ən gözəl nümunəsi idi. Bir-birlərinə həm trasda, həm də trasdan kənarda kifayət qədər “yaxın” olan bu iki sürücünün Bakıdakı dueli bu dəfə Rassellin qələbəsi ilə başa çatdı. Britaniyalı pilot beləliklə, keçənilki ikinciliyinin də acısını çıxmış oldu.

Amma söhbət təkcə qələbədən getmir. Corc Bakıda karyerasının ilk Böyük Dəbilqəsini (Grand Slam) etdi. Yəni poul, ən sürətli dövrə, yarışın bütün dövrələrində liderlik və qələbə.

Keçən həftə yazdığım “Bakıda ilklər və sonlar” yazısının mürəkkəbi qurumamış daha bir ilk əlavə olundu.

Üstəlik, bir proqnozum da yerinə düşdü. Hələ iyunun 28-də Rassellin Azərbaycanda qalib gələcəyini yazmışdım. Nəticə də göstərdi ki, Corcun “A” hərfi ilə başlayan ölkələrə xüsusi sevgisi var: Avstraliya, Avstriya və Azərbaycan. Məncə, Rassellin menecerləri artıq işə başlamalıdırlar. Almaniya, Albaniya, Argentina, Andorra… Təqvimdə “A” hərfi ilə başlayan ölkələr nə qədər çox olsa, Corcun qələbə şansı da bir o qədər artar.

Zarafat bir kənara, əslində Rassellin Bakı ilə uğurlu münasibəti yeni deyil. O, 2018-ci ildə burada Formula 2 yarışının qalibi olmuşdu. Sonrakı illərdə isə Formula 1-də 2022, 2024 və 2025-ci illərdə podiuma yüksəlmişdi. İndi isə həmin siyahıya ən vacib nəticəni əlavə etdi: Corc Rassell artıq Azərbaycan Qran Prisinin 8-ci qalibidir.

0,196 saniyə…

Bakıdakı 10-cu yarışın başqa bir rəqəmi də yadda qalacaq. – 0,196 saniyə.

Corc Rassell finiş xəttini Maks Ferstappendən cəmi 0,196 saniyə əvvəl keçdi. Başqa sözlə, iki sürücünün arasında göz qırpımından da az fərq var idi.

Formula 1 tarixində bundan daha yaxın finiş yalnız 2002-ci ildə ABŞ Qran Prisində yaşanıb. O zaman Rubens Barrikello Mixael Şumaxeri cəmi 0,011 saniyə qabaqlamışdı.

Deməli, Bakıdakı finiş Formula 1 tarixinin ən yaxın ikinci finişi kimi yadda qaldı. Ancaq burada başqa bir nüans da var. Belə ki, 2002-ci ildəki ABŞ Qran Prisində Mixael Şumaxer komanda yoldaşı Rubens Barrikelloya jest edərək, ona qələbəni hədiyyə vermişdi. Yəni sürücülər paradda imiş kimi bolidlərini yan-yana sürmüşdülər. Orada mübarizə yox idi.

Bakıda isə Corc Rassell ilə Maks Ferstappen mübarizə aparırdılar. Buna görə də Bakı Şəhər Halqasındakı 0,196 saniyəlik finiş statistikalara ikinci yer kimi düşsə də, əsl mübarizə şəraitində F1 tarixinin ən yaxın finişi deyə bilərik.

Lakin bunları bir kənara qoysaq, Bakı yenə son döngəyə qədər qalibi sirr olaraq saxladı.

Red Bull şirkətinin tarixində bir ilk

 

Bakıda başqa bir ilk də baş verə bilərdi. Red Bull Powertrains mühərrikləri ilk dəfə Formula 1 yarışında qələbəyə bu qədər yaxın idilər. Finişdə Corc Rassell ilə Maks Ferstappen  arasındadakı fərq cəmi 0,1 saniyə oldu. Bir göz qırpımı qədər fərq…

Amma qələbə gəlməsə də, RBPT üçün Bakıdan boş əllə qayıtmaq söhbəti yoxdur. Red Bull-un öz istehsalı olan mühərriklər Azərbaycan paytaxtında ilk dəfə ikili podium qazandılar.

Təsəvvür edin, bir içki istehsal edən firma zamanla Formula 1-də komanda qurur, bundan 22 il sonra isə ilk dəfə öz mühərriyini istehsal edərək, böyük avtomobil brendləri ilə mübarizə aparır. Bu bəs deyilmiş kimi özünün istehsal etdiyi mühərriklə Formula 1 kimi avtoidman yarışında ikili podium edir. Yenə də uğur hekayəsi kimi bir ssenari bizim paytaxtımızda baş verir. Bakı Şəhər Halqası bu cür hadisələri maqnit kimi özünə çəkir.

Hacarın möhtəşəm qayıdışı

Ayzek Hacar üçün isə Bakı həftəsonunun ayrıca hekayəsi var idi. Üç yarışlıq fasilədən və bilək zədəsindən sonra geri qayıdan Hacarın ilk yarışında belə performans göstərməsi heç də adi nəticə deyil. O, uzun müddət ön sıralarda mübarizə apardı və yarışın bir fazasında əfsanəvi komanda yoldaşı  Maks Ferstappendən belə sürətli idi. Sonda isə podiuma yüksəldi.

Lekler yenə Leklerdir

Şarl Lekler isə yenə öz işini gördü. Ferrari-nin düzlüklərdə zəif olacağını və Bakıdakı potensialı nəzərə alınanda moankolu pilotun maşından maksimumu çıxardığını demək olar. Mövsümün əvvəlində komandanın bütün diqqətini Lyuis Həmiltona yönəltməsi, Həmiltonun bir neçə yarışda parlaması və sonradan yenidən Leklerdən geri qalmağa başlaması isə ayrıca müzakirə mövzusudur.

Bəlkə də məsələ Leklerin özündədir. Daha doğrusu, onun istənilən şəraitə uyğunlaşmaq bacarığında. Çünki Ferrari-nin son illərdə tez-tez dəyişən xarakterli maşınlarına baxmayaraq, Lekler bir müddət sonra yenə də öz ritmini tapır. Elə buna görə də onu Maks Ferstappenlə müqayisə edənlərin arqumentləri də təsadüfi deyil.

Saynsın bir xalı

Karlos Sayns yenə də Bakıdan pis xatirələrlə ayrılmayacaq.  Şənbə günü sıralanma turunda əla nəticə göstərsə də, aldığı beş yerlik cəza onun yarışdakı mövqeyinə ciddi təsir etdi. Buna baxmayaraq, Sayns finişdə 10-cu yeri tutaraq ən azı bir xal götürdü. Williams üçün, xüsusən də cəzanı nəzərə alsaq, bu da kifayət qədər yaxşı nəticədir.

10-cu yarışın maraqlı nüansları

Beləliklə, Bakıdakı 10-cu yarış tarix kitabına daha üç maraqlı qeydlə düşdü.

Corc Rassell Azərbaycan Qran Prisində ilk qələbəsini və karyerasının ilk Grand Slamını qazandı, Red Bull Powertrains isə ilk dəfə Bakıda ikili podiuma çıxdı və Formula 1 tarixinin ən yaxın ikinci finişi qeydə alındı.  Yubiley yarışından daha nə gözləyirdik ki?

Qələbə üçün son döngəyə qədər mübarizə, 0,1 saniyəlik fərq, yeni rekordlar, yeni ilk və əlbəttə, Bakının artıq klassikləşmiş “son ana qədər heç nə bitməyib” havası. 10 il əvvəl başlayan Bakı hekayəsi beləcə 10-cu fəsli də başa vurdu.

 

Rauf Hacıyev

Şərh əlavə et