Bakıdakı yarışı Corc Rassellin dərhal arxasında başa vuran Red Bull strateji qərarları və gətirdiyi yeniliklərlə qələbənin əsas namizədlərindən birinə çevrilib. Yarışdan sonra Sky Sports F1-ə danışan Loren Mekis Milton Kinsdəki fabrikin əməkdaşlarının gərgin əməyini yüksək qiymətləndirib, təhlükəsizlik avtomobilindən əvvəlki strategiya seçimlərini və pilotların intizamlı sürüşünü dəyərləndirib.
Mövsümün əvvəlindən bu yana böyük inkişaf etdiklərini vurğulayan Loren Mekis deyib: “Maks bütün həftəsonu çox, çox güclü idi. Yəqin ki, bu ilki ən yaxşı performansımızı nümayiş etdirdik.
51 dövrədən sonra qələbəni cəmi saniyənin onda biri ilə əldən verdik. Buna baxmayaraq, hər iki avtomobillə layiq olduğumuz 2-ci və 3-cü yerləri qazanmaq çox gözəl hissdir.
Milton Kinsdəki bütün əməkdaşlarımıza böyük təbriklərimi göndərirəm. Bura yeniliklərimizlə gəldik. Şassi və güc qurğusu üzərində çalışan hər kəs paketdən daha çox performans əldə etmək üçün nəhəng iş gördü.
Mövsümün əvvəlində rəqiblərimizin bizə hər dövrədə bir saniyə fərq atdığı vaxtlar indi çox uzaqda qalmış kimi hiss olunur. Artıq qələbə uğrunda mübarizənin tam ortasındayıq. Buna görə bütün komandanı təbrik edirəm.
Təhlükəsizlik avtomobilindən əvvəl Piastrini yaxından izləyərkən strategiya seçimlərimizi ətraflı şəkildə nəzərdən keçirdik və açığı, avtomobilləri həmin mövqelərdə saxlamağı seçdik. Hər iki pilotumuz bu məsələdə çox intizamlı davrandı.
Komanda olaraq ən yaxşı nəticəni əldə etməyimizə imkan verən və son dərəcə ağıllı yarış keçirən Ayzekə də böyük təbriklərimi çatdırıram. Piastri və Rassell qarşısında ən yaxşı şansımızın bu olduğunu düşündük.
Bakıda müəyyən məqamda təhlükəsizlik avtomobilinin trasa çıxmaması ehtimalı çox aşağıdır. Buna görə hamımız bunu gözləyirdik.
Maks həmin mərhələdə Medium təkərlərlə çətinlik çəkirdi və yumşaq təkərlərə keçəndə şanslarımızın artacağını bilirdik.
Qələbəni saniyənin onda biri ilə əldən verdik, amma onlarla oxşar tempə sahib olduğumuzu göstərmək fürsəti qazandıq”.




Şərh əlavə et