Xəbəri Kokpitdə Oxuyun!

Rassell Bakıda qalib gələn 8-ci sürücüdür

Corc Rassell insidentlərlə zəngin Azərbaycan Qran Prisində 2026 Formula 1 mövsümündə üçüncü qələbəsini qazanıb

Mercedes sürücüsü Corc Rassell Formula 1 Azərbaycan Qran Prisində poul mövqeyindən finişədək dominant çıxış edərək qalib gəlib. O, iki təhlükəsizlik avtomobili mərhələsinin öhdəsindən gəlib, Maks Ferstappeni qabaqlayıb və 2026-cı ildə üçüncü Qran Pri qələbəsini əldə edib.

Rassell cümə günü böyük — 0.8 saniyəlik fərqlə poul qazanıb və Mercedes-in yarış tempindəki üstünlüyünü təsdiqləyib. Britaniyalı yarışın ortasındakı iki təhlükəsizlik avtomobili mərhələsindən əvvəl və sonra liderliyini qoruyaraq iyunda keçirilmiş Avstriya Qran Prisindən bəri ilk qələbəsini qazanıb. Komanda yoldaşı Kimi Antonelli isə 16-cı yerdən beşinci pilləyə yüksəlib.

Startda Rassell yaxşı yerindən tərpənərək birinci döngəyə qədər qısa sürətlənmə hissəsində liderliyini qoruyub, Piastri isə ikinci yerdən başlayan Şarl Lekleri qabaqlayıb.

Rassell yarışa orta tərkibli təkərlərlə başlayıb, onun ən yaxın rəqibləri isə yumşaq tərkibdən istifadə ediblər. Lakin təkərlərin aşınması onlara az yük salan şəhər trasında ciddi amil olmayıb və yarış strategiyası ən münasib anda bir pit-stop etməyə qədər sadələşib.

Britaniyalı tezliklə qrupdan uzaqlaşıb. Piastri və İsaak Həcəri keçərək dördüncü yerə yüksəlmiş komanda yoldaşı Lando Norris dərhal iki Red Bull sürücüsünün təzyiqi altına düşüblər. Həcər və Maks Ferstappen düzlüklərdə Mercedes mühərrikli papaya rəngli maşınlardan daha güclü görünüblər. McLaren pilotları Bakının nəhəng, 2 km uzunluğundakı düz yoluna çıxaran 16-cı döngədən sürətlənərkən asfaltla ilişmə baxımından da çətinlik çəkiblər.

Ferstappen Pyer Qasli və Lyuis Həmiltonu keçdikdən sonra həm o, həm də Həcər Norrisi geridə qoyaraq ikinci yerdəki Piastriyə təzyiq göstəriblər. Həcər komanda yoldaşının önə keçməsinə imkan verib. Lakin Ferstappenin orta tərkibli təkərlərində dənələnmə mərhələsi başlayanda onun Piastriyə hücumu dayanıb və yumşaq təkərlərlə yarışan Həcər McLaren sürücüsünə özü hücum etmək üçün səbirsizlənib.

Həcərə Ferstappenlə mübarizəyə başlamaq icazəsi verilən kimi, 51 dövrəlik yarışın 30-cu dövrəsində Aleks Albonun qəzasına görə təhlükəsizlik avtomobili trasa çıxıb. Uzaqdakı 13-cü yer uğrunda Esteban Okonun qarşısında qalmağa çalışan Williams sürücüsü beşinci döngəyə girərkən təkərlərini bloklayıb və çıxışda TecPro baryerlərini yarıb. O, hadisədən xəsarətsiz qurtulub.

Liderlərdən heç biri yeganə pit-stopunu etmədiyinə görə fasilə pit yolunda böyük hərəkətliliyə səbəb olub. Rassell Piastri, Ferstappen, Həcər, Lekler və Həmilton qarşısında liderliyini qoruyub. Birinci döngədə trayektoriyadan çıxan Norris isə Qasli və Antonellinin arxasında doqquzuncu yerə düşüb.

Bu səhv 36-cı dövrədəki restartda böyük xaos yarananda Norrisi təqib edib. Ferstappen Piastrini keçərək ikinci yerə yüksələrkən, Franko Kolapinto təkərlərini bloklayıb və Alpine komanda yoldaşı Qasliyə çırpılıb. Onlarla birlikdə Norris də mübarizədən kənarda qalıb, Antonelli isə xaosdan cüzi fərqlə yayınıb. Arxa tərəfdə komanda yoldaşları arasında daha bir təmas baş verib: Arvid Lindblad Liam Lousonu vuraraq fırladıb. Birinci döngədəki qarışıqlıq daha bir təhlükəsizlik avtomobili mərhələsinə səbəb olub.

39-cu dövrədə keçirilən və daha ehtiyatlı keçən ikinci restartda ilk onluqdakı bütün sürücülər mövqelərini qoruyublar. Rassell Ferstappen, Piastri, Həcər və Leklerin önündə lider olub. Lakin növbəti dövrədə Həcərin hücumundan müdafiə olunan Piastri birinci döngədə trayektoriyadan çıxıb və mümkün podium nəticəsini əldən verib.

Bütün xaosun fonunda iki neytrallaşdırma Rassell üçün dənizkənarı rahat yürüş olmalı yarışı dördqat dünya çempionu Ferstappenin aqressiv hücumlarına qarşı əsəbləri gərən finişə çevirib.

Lakin Rassell finişədək sürət duelində mövqeyini qoruyaraq Ferstappenin qarşısında qalıb. Zədədən qayıdan Həcər isə onlarla birlikdə podiuma yüksəlib. Lekler yarışı dördüncü, Antonelli isə beşinci yerdə başa vurub.

Antonellinin yarışdan əvvəl proqnozlaşdırdığı kimi, Monzadakı möhtəşəm geridönüş qələbəsini Bakı küçələrində təkrarlamaq çətin olacaqdı. Çempionat lideri sarı bayraqlar göstərilənədək səkkizinci yerə yüksəlmişdi, daha sonra birinci döngədəki xaosdan faydalanaraq Həmiltonu keçib və beşinci olub.

Lindblad Lousonla təmasına görə mümkün araşdırmanın nəticəsini gözləməklə finiş xəttini yeddinci keçib. Haas duetindən Esteban Okon səkkizinci, Oliver Berman isə doqquzuncu olub. Karlos Sayns ciddi şəkildə yenilənmiş Williams maşını ilə çətinliklə də olsa xal qazandıran mövqedə finişə çatıb.

Komandanın növbəti dəhşətli həftəsonunda hər iki Aston Martin maşını yenə finişə çata bilməyib. Cadillac sürücüsü Valtteri Bottas isə son dövrədə yarışı divarda başa vurub.

Mövsümdə üçüncü və Avstriyadan bəri ilk qələbəsini qazanan Rassell çempionatda Antonelli ilə fərqi 15 xal azaldıb. Malayziyanın ev sahibliyi edəcəyi gələn həftəsonunun Bəhreyn Qran Prisi ərəfəsində o, komanda yoldaşından 66 xal geri qalır.

Yer Sürücü Komanda # Dövrə Vaxt İnterval Orta sürət, km/saat Pit-stop Xal Mübarizədən çəkilmə səbəbi Şassi Mühərrik
1 C. Rassell Mercedes 63 51 – 2 25 Mercedes Mercedes
2 M. Ferstappen Red Bull Racing 3 51 +0.196
0.196
0.196 2 18 Red Bull Red Bull
3 A. Hacar Red Bull Racing 6 51 +10.704
10.704
10.508 2 15 Red Bull Red Bull
4 Ş. Lekler Ferrari 16 51 +14.136
14.136
3.432 2 12 Ferrari Ferrari
5 A. Antonelli Mercedes 12 51 +14.512
14.512
0.376 2 10 Mercedes Mercedes
6 L. Həmilton Ferrari 44 51 +22.382
22.382
7.870 2 8 Ferrari Ferrari
7 A. Lindblad Racing Bulls 41 51 +31.159
31.159
8.777 2 6 RB Red Bull
8 E. Okon Haas F1 Team 31 51 +31.189
31.189
0.030 2 4 Haas Ferrari
9 O. Berman Haas F1 Team 87 51 +31.929
31.929
0.740 2 2 Haas Ferrari
10 K. Sayns Williams 55 51 +32.416
32.416
0.487 3 1 Williams Mercedes
11 N. Hülkenberq Audi 27 51 +33.231
33.231
0.815 2 Audi Audi
12 L. Louson Racing Bulls 30 51 +34.013
34.013
0.782 2 RB Red Bull
13 Q. Bortoleto Audi 5 51 +34.230
34.230
0.217 2 Audi Audi
14 O. Piastri McLaren 81 51 +36.401
36.401
2.171 2 McLaren Mercedes
15 S. Peres Cadillac F1 Team 11 51 +41.400
41.400
4.999 2 Cadillac Ferrari
Finişə çatmayıb V. Bottas Cadillac F1 Team 77 49 2 dövrə 2 Qəza Cadillac Ferrari
Finişə çatmayıb F. Kolapinto Alpine 43 36 15 dövrə 2 Toqquşma Alpine Mercedes
Finişə çatmayıb P. Qasli Alpine 10 35 16 dövrə 1 Toqquşma Alpine Mercedes
Finişə çatmayıb L. Norris McLaren 1 35 16 dövrə 1 Toqquşma McLaren Mercedes
Finişə çatmayıb A. Albon Williams 23 29 22 dövrə Qəza Williams Mercedes
Finişə çatmayıb F. Alonso Aston Martin Racing 14 20 31 dövrə 1 Mübarizədən çəkilib Aston Martin Honda
Finişə çatmayıb L. Stroll Aston Martin Racing 18 7 44 dövrə Mübarizədən çəkilib Aston Martin Honda

Gilənur Hüseynova

Şərh əlavə et