Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen üçüncü sərbəst yürüşdə hamıdan sürətli olub

Cümə səhəri Bakıda ən yaxşı nəticəni Maks Ferstappen göstərib. Red Bull sürücüsü ən yaxın rəqibini 0.099 saniyə qabaqlayıb.

Proqnozlaşdırıldığı kimi, cümə günü isti bir qədər səngiyib, lakin külək güclənib. Trasın bir hissəsində qarşıdan, digərlərində arxadan, bəzi yerlərdə isə yandan əsən külək payız yarpaqlarını sovuraraq asfaltı qum və toz təbəqəsi ilə örtüb. Sürücülər həm yeni şəraitə, həm də gecə ərzində yeddinci döngəyə döşənmiş yeni asfalta uyğunlaşmalı olublar.

Komandalar təkərlərə diqqət yetirərək onların yeyilməsini və səmərəliliyini qiymətləndirib, həmçinin güc qurğusunun sazlanması üzərində işləyiblər. Təqvimdəki ən uzun düz yol xüsusi yanaşma tələb edib, çünki batareyalardakı enerji bütün məsafə üçün kifayət etməyib. Ənənəvi olaraq ilk on dəqiqəni buraxan sürücülər trasa Soft və Medium təkərlərlə çıxıblar.

Sessiyaya sakit tempdə başlayan pilotlar asfaltın vəziyyəti yaxşılaşdıqca sürətlərini tədricən artırıblar. Bir gün əvvəl baş vermiş bir neçə qəzadan sonra heç kim üçüncü sərbəst yürüşdə bolidin zədələnməsi riskinə getmək istəməyib. Səhvlər və trasdan çıxmalar daha az olub, amma Bakıda onlarsız ötüşmək mümkün deyil.

Maks Ferstappen, Lyuis Həmilton, Aleks Albon, Corc Rassell, Qabriel Bortoleto, Esteban Okon və Şarl Lekler təhlükəsizlik ciblərinə çıxıblar. Ləns Stroll isə işini vaxtından əvvəl başa vurub: ön sol təkərlə divara toxunan kanadalı asılqanı sınmış bolidlə boksa qayıdıb.

Sessiyanın sonunda bütün sürücülər Soft təkərlərə keçiblər. Sürət artıb və Maks Ferstappen 1:43.922 ilə ən yaxşı nəticəni göstərib. Corc Rassell ona saniyənin onda biri, Kimi Antonelli isə onda üçü qədər uduzub, digərləri xeyli geridə qalıblar.

Üçüncü sərbəst yürüş

S Sürücü Komanda Nəticə Fərq Dövrələr
1 Maks Ferstappen Red Bull 1:43.922 – 21
2 Corc Rassell Mercedes 1:44.021 +0.099 21
3 Lyuis Həmilton Ferrari 1:44.033 +0.111 18
4 Kimi Antonelli Mercedes 1:44.273 +0.351 21
5 Şarl Lekler Ferrari 1:44.544 +0.622 22
6 Pyer Qasli Alpine 1:44.637 +0.715 20
7 Oskar Piastri McLaren 1:44.746 +0.824 20
8 Lando Norris McLaren 1:44.899 +0.977 20
9 Ayzek Həcər Red Bull 1:45.176 +1.254 22
10 Franko Kolapinto Alpine 1:45.592 +1.670 20
11 Karlos Sayns Williams 1:45.605 +1.683 24
12 Oliver Berman Haas 1:45.692 +1.770 25
13 Qabriel Bortoleto Audi 1:45.854 +1.932 18
14 Esteban Okon Haas 1:45.918 +1.996 21
15 Niko Hülkenberq Audi 1:45.998 +2.076 18
16 Serxio Peres Cadillac 1:46.004 +2.082 19
17 Aleks Albon Williams 1:46.076 +2.154 24
18 Lyam Louson Racing Bulls 1:46.222 +2.300 23
19 Arvid Lindblad Racing Bulls 1:46.271 +2.349 22
20 Fernando Alonso Aston Martin 1:46.512 +2.590 19
21 Valtteri Bottas Cadillac 1:48.587 +4.665 19
22 Ləns Stroll Aston Martin 1:49.279 +5.357 9

Gilənur Hüseynova

Şərh əlavə et