Xəbəri Kokpitdə Oxuyun!

Cadillac Red Bull-un keçmiş baş konstruktoru da daxil olmaqla üç mühüm texniki mütəxəssis transfer edib

Cadillac Red Bull-un keçmiş baş konstruktoru da daxil olmaqla üç mühüm texniki mütəxəssis transfer edib

Cadillac Formula 1 komandası Red Bull-un keçmiş əməkdaşı Kreyq Skinner də daxil olmaqla üç mühüm transferlə texniki rəhbərliyini gücləndirib.

Cadillac Formula 1 komandası Red Bull-un keçmiş əməkdaşı Kreyq Skinner də daxil olmaqla üç mühüm transferlə texniki rəhbərliyini gücləndirib.

Cadillac F1 komandası inkişaf prosesini sürətləndirmək məqsədilə mühəndislər Kreyq Skinner, Erik Blandin və Tim Lini heyətinə qatıb.

Red Bull-un keçmiş baş konstruktoru Skinner Cadillac-a inkişaf üzrə baş mühəndis kimi qoşulur, Aston Martin-in texniki rəhbərinin keçmiş müavini Erik Blandin isə komandanın aerodinamika rəhbəri olur. McLaren, Red Bull və Ferrari-də çalışmış təcrübəli aerodinamik Tim Lin Blandinə tabe olmaqla aerodinamik modelləşdirmə və simulyasiya üzrə baş mühəndis vəzifəsinə təyin edilib.

Cadillac bu mövsüm keçmiş Manor əməkdaşı Qrem Loudon tərəfindən yaradılmış 11-ci əlavə komanda kimi debüt edib. Qran Pri qalibi olan veteran pilotlar Serxio Peres və Valtteri Bottas komandanın sürücü heyətini təşkil edirlər.

Komanda Ferrari mühərrikləri ilə təchiz edilmiş MAC-26 bolidi ilə qənaətbəxş debüt edib. Lakin rəhbərlik inkişaf tempini artırmaq istədiyi üçün Cadillac-ın baş icraçı direktoru Den Tauriss yay fasiləsi zamanı Loudonu Alpine-in keçmiş rəhbərlərindən Marçin Budkovski ilə əvəz etmək qərarına gəlib.

Müxtəlif əməliyyat və yığım keyfiyyəti problemləri ilə üzləşən komandanın rəhbəri kimi Budkovskinin ilk işi prosedurları daha da gücləndirmək və ortaq sahiblərdən biri olan General Motors-un mövcud resurslarından faydalanmaqdır.

Kreyq Skinner, Red Bull Racing-in keçmiş baş konstruktoru

Foto: Red Bull Content Pool

Bu arada, ABŞ-a məxsus kollektiv 2027-ci ildə keçirəcəyi ikinci mövsümə hazırlaşarkən üç tanınmış mütəxəssisi transfer etməklə texniki rəhbərlik qrupunu da gücləndirib.

Uzunmüddətli hazırlıq prosesi və məcburi məzuniyyət müddətlərini nəzərə alan Cadillac onların üçünün də “növbəti bir neçə ay ərzində komandaya qoşulacağını” açıqlayıb.

Cadillac Formula 1 komandasının rəhbəri Marçin Budkovski bildirib:

Marçin Budkovski: “Bu təyinatlar komandanın texniki təkamülündə mühüm addımdır. İnkişaf, aerodinamika və modelləşdirmə sahələrində təcrübəli rəhbərləri bir araya gətirmək bizə daha güclü, inteqrasiya olunmuş texniki struktur yaratmağa və trasdakı performansı yaxşılaşdırmağa kömək edəcək. Kreyq, Erik və Tim uzunmüddətli inkişafımız üçün əsas əhəmiyyət daşıyan sahələrdə yarış və çempionluq təcrübələrini Cadillac F1-ə gətirirlər.”

Cadillac bu yaxınlarda Silverstounda tamamilə yeni Böyük Britaniya qərargahını istifadəyə verib. Komanda eyni zamanda İndiana ştatının Fişers şəhərində ən müasir standartlara cavab verən yeni baza üzərində işləyir.

Skinner, Blandin və Linin transferi Cadillac komandasının sahiblik strukturunun bir hissəsi ilə bağlı davam edən şübhələrə baxmayaraq, kollektivin tam sürətlə irəlilədiyinin aydın göstəricisidir. Bu şübhələr komandanın əsas sahibi olan TWG Global qrupunun sahibi Mark Volterlə bağlı daha geniş araşdırma fonunda yaranıb.

Gilənur Hüseynova

Şərh əlavə et