Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Maksdan çox şey gözləyirəm

Çempionatın lideri Kimi Antonelli Azərbaycan Qran Prisi öncəsi jurnalistlərin suallarını cavablandırıb.

Rəqiblərinin çempionluq mübarizəsinin artıq başa çatdığı ilə bağlı fikirləri ilə razılaşmayan italyan sürücü heç nəyin təminat altında olmadığını vurğulayıb. Gənc pilot çempionluq mübarizəsi və Maks Ferstappenlə trasda yaşadığı təcrübələr barədə belə danışıb: “Damalı bayrağı keçib yarışı başa vurana qədər heç nə bitmiş sayılmır.

Buna görə də hər yarışda əlimdən gələnin ən yaxşısını etməyə davam etməyim çox vacibdir. Amma bu, heç də asan olmayacaq, çünki rəqiblərimiz çox sürətlidirlər.

Xüsusilə Lando ilə McLaren çox güclü temp nümayiş etdirir. Red Bull-da Maks həmişə mübarizənin içindədir və bu həftəsonu yeniliklər gətirirlər. Ferrari-nin də istənilən an güclü templə mübarizəyə qoşula biləcəyini bilirik.

Masa arxasında danışmaq tətbiq etməkdən həmişə daha asandır. Ancaq ətrafımda möhtəşəm dəstək komandası var. Ailəm və komandam ayaqlarımı yerə möhkəm basmağa, yarış-yarış düşünməyə və hər dəfə bolidə əyləşəndə ən yaxşı performansımı göstərməyə kömək edir.

İl ərzində yanaşmam belə olub və mövsümün sonuna qədər də belə qalacaq”.

Antonelli Maks Ferstappenlə trasdakı mübarizəsindən danışarkən niderlandlı pilotun yarışdaxili düşünmə və mövqe seçmə bacarığını xüsusi qeyd edib: “Maks həqiqətən inanılmaz yarış baxışına və mövqe seçmə bacarığına sahibdir. O, həmişə bir neçə addım irəlini düşünür və trasın doğru yerində mövqe tutur.

Madriddə Landonun xarici trayektoriyadan hücum edib daha sonra geri çəkiləndə səhv etdiyimi və dərhal ona yol verməli olduğumu başa düşdüm.

Çünki Maksın həmin nöqtədə fürsəti görüb döngənin xaricindən dərhal hücum edəcəyini bilirdim. Vəziyyəti çox qısa müddətdə analiz edib mövqe qazanmaq üçün boşluğu tapa bilməsi həqiqətən heyrətamizdir.

Bolid tam olaraq yaxşı performans göstərməyəndə belə vəziyyəti öz xeyrinə dəyişə bilir. Daim inkişaf edən bu mübarizədə ondan çox şey öyrənirəm”.

Mercedes-in yeniliyi Malayziyada gəlir

Yay fasiləsi ərzində rəqiblərinin böyük yeniliklər gətirməsinə baxmayaraq Mercedes-in sabit performansını qoruduğunu bildirən Antonelli Kanadadan sonra komandaya gələcək ilk böyük yenilik paketi öncəsi bolidin güclü və zəif tərəflərini də dəyərləndirib: “Bolidimiz son dərəcə güclüdür və bütün traslarda çox yaxşı performans göstərib. Ancaq hər zaman ən sürətli biz olmamışıq.

Madriddə, Zandfortda və ya Mayamidə ən sürətli bolid bizdə deyildi. McLaren və Lando açıq şəkildə daha sürətli idilər. Buna baxmayaraq, bolidimiz çox sabit idi və həmişə podium mübarizəsində qala bilirdi.

Kanadadan sonra ilk böyük yeniliyimiz Malayziyada gələcək. Asfaltın yenicə salındığı, təkər aşınmasının və həddindən artıq qızmanın aşağı olduğu traslarda bolidimiz həmişə çox güclü olub. Lakin Sepanq kimi asfalt quruluşunun daha kobud olduğu, sürüşmənin və həddindən artıq qızmanın yüksək olduğu traslarda bir qədər daha çox çətinlik çəkirik.

Sepanq bu yeniliklər üçün əla sınaq olacaq. Bolidə əlavə edilən asfaltayatma ilə belə asfalt səthlərində daha çox temp qazanıb-qazana bilməyəcəyimizi görmək maraqlı olacaq”.

Antonelli yeni nəsil Formula 1 bolidlərində limitləri hiss etməyin də daha asan olduğunu bildirib: “F1-in yeni nəsil bolidlərində limitləri hiss etmək daha asandır. Ötənilki yerəbasma effektli bolidlərdə yüksək sürətdə inanılmaz yol tutuşu var idi. Ancaq limiti keçdiyiniz anda bolidi toparlamaq demək olar ki, mümkün deyildi və fırlanırdıq.

Bu il bolidin limitinə nə vaxt yaxınlaşdığınızı hiss edə bilir və vəziyyət nəzarətdən çıxmamış müdaxilə edə bilirsiniz. Bu da sürüş zamanı özümə olan inamımı artırıb”.

Rauf Hacıyev

Şərh əlavə et