Xəbəri Kokpitdə Oxuyun!

Aragon Sprint: Markes qalibdir

MotoGP üzrə Aragon Qran Prisinin sprint yarışında qələbəni Mark Markes qazanıb. Aprilia komandasının sürücüsü Marko Bezzekki üçüncü, Markesin qardaşı Aleks Markes isə ikinci olub.

Yarışdan əvvəl havanın temperaturu 29, trasın temperaturu isə 52 dərəcə Selsi ölçülüb.

Qızdırma dövrəsindən sonra sürücülər start düzülüşündə yerlərini alıblar və 11 dövrədən ibarət Araqon sprint yarışına start verilib.

Bezzekki ilk döngədə kiçik səhvə yol verib. Bundan istifadə edən Mark Markes liderliyə yüksəlib. Ardınca Aleks Markes də Bezzekkini geridə qoyaraq ikinci yerə çıxıb.

İlk dövrədə Luka Marini motosikletinə nəzarəti itirərək qəza edib və qısa müddət ərzində sarı bayraqlar dalğalanıb.

Pedro Akosta uğurlu manevrlə Raul Fernandes və Xorxe Martinini geridə qoyaraq dördüncü yerə yüksəlib.

Üçüncü dövrənin əvvəlində Fabio Di Canantonio qəzaya uğrayaraq çınqıl zonaya doğru sürüşüb. Qəzadan sonra qısa müddət ərzində sarı bayraq göstərilib. Sarı bayraqlar altında Aleks Rinsi geridə qoyan Toprak 13-cü yerə yüksəlib.

Dördüncü dövrədə Akosta Xorxe Martin ilə  fərqi bir saniyədən çox edib və təzyiqdən qurtulub. Mark Markes isə qardaşı Aleksdən təxminən yarım saniyə öndə liderliyini davam etdirib.

Beşinci dövrədə Fabio Kuartararo motosikletinin qazburaxma sistemindən çıxan güclü tüstü səbəbindən sprint yarışını vaxtından əvvəl başa vurub. Təcrübəli sürücünün mexaniki problem yaşadığı bildirilib. Kuartararo boksa qayıdarkən motosikletindən trasın üzərinə yağ axdığı da görüntülərə əks olunub. Bundan sonra trasda sürüşkən səth barədə xəbərdarlıq edilib.

Səkkizinci dövrəyə daxil olarkən Mark Markes qardaşı ilə arasındakı fərqi bir saniyəyə çatdıraraq liderliyini möhkəmləndirib. Bezzekki isə Aleks Markesdən yarım saniyə geridə üçüncü yerdə qərarlaşıb.

Dövrənin sonlarına doğru uğurlu manevrlə Bred Binderi geridə qoyan Toprak Razqatlıoğlu 14-cü yerə yüksəlib.

Sonuncudan əvvəlki dövrəyə daxil olarkən Binder düzlüyün sonunda Toprağı geridə qoyaraq mövqeyini geri qaytarıb. Fermin Aldeguer isə Raul Fernandesə çataraq onu geridə qoyub və yeddinci yerə yüksəlib.

Son dövrəyə daxil olarkən Toprak Razqatlıoğlu Binder və Enea Bastianinini geridə qoyaraq iki mövqe qazanıb və 13-cü yerə yüksəlib. Ön qrupdakı mübarizədə isə podiumun sıralanması dəyişməyib.

Beləliklə, damalı bayraq dalğalandıqda Mark Markes sprint yarışının qalibi olub. Aleks Markes ikinci, startdan sonra iki mövqe itirən Marko Bezzekki isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et