Xəbəri Kokpitdə Oxuyun!

McLaren və Red Bull etirazlarına gələn həftə baxılacaq

FIA Pyer Gaslinin Monako Qran Prisində aldığı cəzaların ləğvi ilə bağlı McLaren və Red Bull-un apellyasiyalarına gələn həftə baxacaq.

İclas avqustun 25-də, çərşənbə axşamı Bakı vaxtı ilə 11:00-da Parisdə keçiriləcək. McLaren və Red Bull Alpine-in Qasli ilə bağlı uğurlu yenidən baxılma müraciətindən sonra ləğv edilmiş beş saniyəlik cəzanın bərpa olunmasını istəyir.

Qasli Monako yarışı zamanı pit yolunda sürət limitini aşdığı üçün cəzalandırılan pilotlardan biri olub. 60 km/saatlıq limiti keçdikləri üçün Lyuis Həmilton, Corc Rassell, Franko Kolapinto və McLaren pilotu Oskar Piastri də daxil olmaqla bir neçə pilota beş saniyəlik cəza verilib.

Lakin Alpine-in Qasliyə verilən iki cəza ilə bağlı yenidən baxılma müraciəti zamanı pit yolunun uzunluğunun vaxtölçən tərəfindən səhv hesablandığı müəyyənləşdirilib. Belə ki, pit yoluna giriş və ya çıxışdakı konkret bir nöqtədən istifadə etmək əvəzinə orta sürət, məsafə və zaman arasındakı əlaqə əsasında hesablanıb.

Bu məlumat yenidən baxılma üçün tələb olunan “müvafiq və yeni” meyarına uyğun hesab edilib. Üstəlik, həmin məlumat Monakoda yarış günü ilkin qərar verilərkən stüardların ixtiyarında olmayıb.

Qasli iki cəzadan birinin ləğv edilməsindən sonra, digər beş saniyəlik cəzanı pit-stop zamanı çəkdiyi üçün yekun nəticədə yenidən üçüncü pilləyə yüksəlib. O, əlavə beş saniyəlik cəza nəticəsinə daxil edildikdən sonra yeddinci yerə düşmüşdü.

Bunun nəticəsində Red Bull pilotu Ayzek Hacar dördüncü pilləyə, McLaren-dən Oskar Piastri beşinci yerə geriləyib. Racing Bulls pilotu Liam Louson da bir pillə geriləyərək altıncı olub.

Barselona Qran Prisində elan edilən qərardan sonra Mercedes rəhbəri Toto VolffmRassellin cəzası ilə bağlı komandanın müəyyən addımları nəzərdən keçirdiyinə işarə edib. Rassell pit stop zamanı beş saniyənin tamamlanmasını gözləmədən xidmət aldığı üçün cəzanı düzgün şəkildə çəkməyib.

Bu isə avtomatik olaraq pit yolundan keçmə cəzasına çevrilib. Rassell həmin cəzanı yarışın sonlarında qırmızı bayraqdan sonra çəkib və nəticədə yekun sıralamada 12-ci pilləyə düşüb.

Mercedes sonda hər hansı addım atmaqdan imtina edib. McLaren və Red Bull isə apellyasiya vermək qərarına gəlib.

Komandalar xüsusi olaraq 2026-cı il Monako Qran Prisinin 99 saylı sənədindəki 1 və 2 nömrəli qərarlardan apellyasiya edirlər. Söhbət Qaslinin cəzasının ləğv edilməsi və onun yenidən üçüncü pilləyə yüksəldilməsi ilə bağlı qərarlardan gedir.

Apellyasiya müraciəti iyunun 16-da təqdim edilib. İclas isə Niderland Qran Prisindən sonrakı çərşənbə axşamına təyin olunub.

İclas ictimaiyyət və media üçün açıq olmayacaq.

Rauf Hacıyev

Şərh əlavə et