Tərəflər yeni müqavilənin imzalanmasına çox yaxındır. RacingNews365in əldə etdiyi məlumata görə, rəsmi açıqlamanın Niderland Qran Prisi həftəsonundan əvvəl, yaxın günlərdə verilməsi gözlənilir.
2025-ci il mövsümündən əvvəl Williams-a ikiillik müqavilə ilə qoşulan və karyerasında dörd Qran Pri qələbəsi olan pilot 2026-cı ildən sonrakı gələcəyi ilə bağlı komandanın rəhbəri Ceyms Voulzla danışıqlar aparıb. Hazırda bu danışıqların son mərhələsində olduğu bildirilir.
Müqavilənin maliyyə detalları hələ açıqlanmayıb. Lakin RacingNews365-in mənbələri Saynsın əhəmiyyətli dərəcədə daha yüksək maaş alacağını bildirir. Bu məbləğin Williams kimi komanda üçün gözləniləndən xeyli yüksək olacağı qeyd edilir.
Williams Saynsdan nə gözləyir?
Williams üçün bu mövsüm məyusedici keçir. FW48 gözləntiləri doğrultmayıb və komanda hazırda Konstruktorlar Çempionatında doqquzuncu pillədə qərarlaşıb. Sayns cəmi üç dəfə xal qazanıb, Aleks Albon isə bunu yalnız bir dəfə bacarıb.
Performans baxımından vəziyyət daha da çətinləşib. Yay fasiləsindən əvvəl keçirilən Macarıstan Qran-prisində hətta Aston Martin Qrov təmsilçisini qabaqlayıb. Üstəlik, Ədrian Nyui-nin komandası yaxın zamanda Honda-nın yeni mühərrikindən istifadə etməyə başlayacaq və bu da Williams-ın vəziyyətini daha da çətinləşdirə bilər.
Buna görə də komandanın dəyərli pilotunu saxlamaq olduqca vacibdir. Saynsın detallara diqqəti və texniki geribildirimi Williams-ın vəziyyəti dəyişmək və ambisiyalı planlarını həyata keçirmək şansında mühüm rol oynayır.
Onun qərarını mövsümün nisbətən erkən mərhələsində açıqlaması da vacibdir. Bu, həm paddoka və ictimaiyyətə müsbət mesaj göndərəcək, həm də bütün komanda üçün əlavə motivasiya yaradacaq.
Hazırkı vəziyyət nəzərə alınanda Williams ən cəlbedici seçim deyil. Buna görə də komandanın özünün ən güclü pilotunu saxlamaq üçün maaş və ya digər məsələlərdə müəyyən güzəştlərə getməyə hazır olduğu ehtimal edilir.
Saynsın özünü rahat hiss etməsi üçün nə lazımdır?
Saynsın performansı paddokda təqdir edilir və bəzi komandalar onunla maraqlanır. Lakin 2027-ci il üçün çempionatın ön sıralarında yer alan komandalarda hazırda boş oturacaq yoxdur.
İspaniyalı pilot performansın onun üçün ən vacib amil olduğunu heç vaxt gizlətməyib. Williams-da isə bu il məhz performans çatışmır. Yüksək maaşlı müqavilə müəyyən mənada bunu kompensasiya edə bilər, lakin cari mövsümdəki problemlər Sayns üçün ciddi narahatlıq doğurmalıdır.
Bu mövsümün təcrübəsinə əsasən, onun Williams-dan sürətli inkişafla bağlı müəyyən təminatlar və yüksək səviyyəli texniki mütəxəssislərin komandaya cəlb olunmasını tələb etməsi tamamilə başadüşüləndir.
Formula 1-də belə təminatlar tələb etmək həmişə çətin məsələdir. Lakin aparıcı pilotlar müəyyən şərtlər yerinə yetirilmədiyi halda işə düşə biləcək müxtəlif maddələrlə özlərini qoruyurlar.
Maks Ferstappen və Şarl Leklerin müqavilələri bunun ən məşhur nümunələridir. Bununla belə, oxşar maddələr əksər pilotların müqavilələrində də yer alır.
2027-ci ildə pilot bazarının hazırda gözlənilməyən imkanlar yarada biləcəyi nəzərə alınanda Saynsın da digər pilotlar kimi bu dəfə komandanın performansı ilə bağlı maddələrə daha çox diqqət yetirməsi gözlənilir. Buraya çempionatdakı mövqe və digər göstəricilər daxil ola bilər.
Müasir Formula 1 reallığında bir neçəillik əməkdaşlıq planlaşdırılsa belə, pilotun özünü kifayət qədər rahat və çevik hiss etməsi üçün bu cür şərtlərin müqavilədə yer alması qaçılmazdır.




Şərh əlavə et