Xəbəri Kokpitdə Oxuyun!

Decade of Racing: 10 ilin ilk və son səhifələri

Azərbaycan Qran Prisi Formula 1 təqviminin ən gənc yarışlarından biridir. Amma cəmi bir neçə il ərzində Bakı Şəhər Halqası elə hadisələrə səhnə olub ki, onların bəziləri Formula 1 tarixində xüsusi yer tutur.

Bəzi pilotlar Bakıda karyeralarının ilk böyük uğurunu yaşayıb, bəziləri isə burada sonuncu dəfə podiuma çıxıb. Bəzi komandalar üçün Bakı başlanğıc nöqtəsinə çevrilib, bəziləri üçün isə bir dövrün sonunu göstərib.

2016 – Niko Rosberqin son Böyük Dəbilqəsi

Bakı Formula 1-lə ilk görüşünə 2016-cı ildə çıxdı. İlk yarışın qalibi isə Niko Rosberq oldu. Amma alman pilotun həmin gün etdikləri sadəcə qələbə ilə bitmirdi.

Rosberq poul mövqeyindən start aldı, 51 dövrənin hamısında lider getdi, yarışın ən sürətli dövrəsini vurdu və finiş xəttini birinci keçdi. Başqa sözlə, Böyük Dəbilqə (Grand Slam) üçün lazım olan hər şeyi etdi: poul, qələbə, ən sürətli dövrə və bütün dövrələrdə liderlik. 

Bu, almaniyalı pilotun karyerasında cəmi ikinci Böyük Dəbilqəsi idi. Birincisini həmin mövsümün əvvəlində Rusiyada qazanan Mercedes pilotu Bakıda bu göstəricini təkrarladı. Amma o zaman heç kim bilmirdi ki, bu həm də onun karyerasının son Böyük Dəbilqəsi olacaq.

Bir neçə ay sonra Rosberq Dünya Çempionu olacaq, mövsümün sonunda isə Formula 1 karyerasını bitirdiyini elan edəcəkdi.

Ona görə də 2016-cı ilin Bakı yarışı Rosberqin karyerasında xüsusi yer tutur. Formula 1-in Bakıdakı ilk yarışının qalibi Niko Rosberq oldu və həmin gün o, karyerasının son Grand Slamını qazandı.

Bakı hələ Formula 1 tarixinin ilk səhifəsini yazırdı. Rosberq isə öz hekayəsinin ən parlaq səhifələrindən birini — sonuncu dəfə məhz burada yazdı.

2017 – Ləns Strollun ilk podiumu

Bakıdakı ilk böyük “ilk”lərdən biri 2017-ci ildə gəldi. Williams pilotu Ləns Stroll yarışı üçüncü pillədə başa vurdu və Formula 1 karyerasında ilk dəfə podiuma yüksəldi.

Üstəlik, Stroll finişə qədər ikinci yer uğrunda Valtteri Bottasla mübarizə aparırdı. Kanadalı pilot yalnız son metrlərdə mövqeyini itirdi və Bottas finiş xəttini ondan cəmi 0,105 saniyə əvvəl keçdi.

Amma Strollun həmin üçüncülüyünün Williams üçün daha uzun bir hekayənin başlanğıcı olduğunu o vaxt heç kim bilmirdi.

2018 – Force India-nın son podiumu: Jordan-dan başlayan uzun yolun Bakıda son səhifəsi

2018-ci ildə Serxio Peres Bakıda üçüncü yeri tutanda bunun Force India üçün nə qədər böyük əhəmiyyət daşıdığını bəlkə də heç kim tam təsəvvür etmirdi.

Meksikalı pilot yarışa yeddinci yerdən başlamışdı. İlk dövrədə bakılı balası Sergey Sirotkinin Williams-ı ilə təmasdan sonra ön qanadını zədələdi, pitə girməli oldu və yarışın əvvəlində sonuncu yerlərə qədər gerilədi. Amma Peres və Force India mübarizədən əl çəkmədi. Təhlükəsizlik avtomobili mərhələsi, düzgün strategiya və Peresin soyuqqanlılığı nəticəsində o, finişə üçüncü çatdı.

Bu, Peresin Bakıda ikinci podiumu idi. Hətta Azərbaycan Qran Prisi Force India-nın tarixində iki podium qazandığı ilk və yeganə tras oldu.

Lakin hekayənin daha maraqlı tərəfi hələ qarşıda idi. Force India adı həmin gün Bakıda podiumda dayanırdı, amma bu ad artıq komandanın uzun tarixində son səhifələrə yaxınlaşırdı. Çünki Silverstoun bazasında fəaliyyət göstərən bu komandanın kökləri 1991-ci ildə Formula 1-ə gələn Jordan Grand Prix-ə qədər gedib çıxırdı. Eddi Cordanın qurduğu komanda illər ərzində Formula 1-in ən rəngarəng və sevilən kollektivlərindən birinə çevrilmişdi. Sonra isə 2005-ci ildə Jordan-ın satılması ilə yeni dövr başladı. Komanda Midland, ardınca Spyker, 2008-ci ildən isə Force India adı ilə yarışdı.

Yəni 2018-ci ilin Bakı podiumunda dayanan Force India əslində sadəcə Force India deyildi. Orada Jordanın, Midlandın, Spykerin və nəhayət Force India-nın uzun illər ərzində qurduğu hekayənin davamı dayanmışdı. Ancaq həmin hekayənin Force India adı ilə son podiumu da məhz Bakı oldu.

Bir neçə ay sonra komanda maliyyə problemləri səbəbindən administrasiyaya keçdi. Lourens Strollun rəhbərlik etdiyi konsorsium komandanın səhmlərini aldı və yeni hüquqi strukturla Racing Point adı altında Formula 1-də yoluna davam etdi.

Beləliklə, 2018-ci ilin Bakı podiumu həm bir nəticə, həm də bir dövrün vida səhnəsi idi. Serxio Peres üçün isə bu, daha da xüsusi idi. O, 2016-cı ildə Force India ilə Bakının ilk podiumlarından birini qazandı, 2018-ci ildə isə yenə Bakıda komandanın tarixindəki son podiuma imza atdı.

Və ən gözəli — bu hekayə tamamilə bitmədi.  2018-ci ilin Bakı yarışı Force India üçün son səhifə idi. 2021-ci ilin Bakı yarışı isə həmin hekayənin başqa adla yazılmış yeni səhifəsi oldu.

2021 – Aston Martin-in ilk podiumu: köhnə hekayənin yeni adı

2021-ci ildə Aston Martin Formula 1-ə qayıdanda qarşısında böyük bir miras vardı. Bu, tamamilə yeni komanda deyildi. Aston Martin adı yeni olsa da, arxasında Force India-dan Racing Point-ə, oradan da yaşıl rəngli Aston Martin-ə uzanan bir tarix dayanırdı. Bu tarixdə ilk böyük səhifə məhz Bakıda yazıldı.

Sebastyan Fettel sıralanma turunda Q3-ə qala bilməmiş və yarışa 11-ci yerdən başlamışdı. Həftəsonunun əvvəlində Aston Martin podium haqqında düşünməyə belə çox əsas görmürdü. Amma Bakı yenə öz bildiyini etdi. Fettel uzun ilk stinti, təkərlərlə yaxşı davranışı və doğru strategiya ilə pillə-pillə irəlilədi. Sonra yarışın taleyi bir anda dəyişdi.

Maks Ferstappen finişə cəmi bir neçə dövrə qalmış təkər partlaması səbəbindən yarışdan çıxdı. Qırmızı bayraq elan olundu. Restartda isə Həmiltonun səhvi ilə Fettel  artıq ikinci yerdə idi. Damalı bayraq yelləndiksə Aston Martin Formula 1 tarixində ilk podiumunu qazandı.

Üstəlik, bu nəticə komandanın qayıdışından cəmi altı yarış sonra gəldi. Aston Martin-in əvvəlki F1 macərasında ən yaxşı nəticə altıncı yer olmuşdu. 61 ildən sonra qayıdışının ilk podiumunu dördqat dünya çempionu Sebastyan Fettel Bakıda gətirirdi.  Lakin bu podiumun başqa bir tərəfi də vardı.

2018-ci ildə Force India adı ilə Bakı podiumuna çıxan Serxio Peres həmin komandanın əvvəlki ad altında son podiumunu qazanmışdı. Üç il sonra isə eyni komanda xəttinin davamı bu dəfə Aston Martin adı ilə yenidən Bakı podiumunda idi.

Force India-nın son podiumu – Aston Martin-in ilk podiumu. Bir komandanın bir adı ilə son, başqa adı ilə isə ilk podiumu. Hər iki hekayənin ünvanı isə yenə Bakı Şəhər Halqası idi.

Bəlkə də 2021-ci ilin Bakı podiumunu bu qədər xüsusi edən məhz budur: bir tərəfdə Aston Martin üçün yeni dövrün ilk podiumu, digər tərəfdə isə artıq karyerasının son böyük illərinə daxil olan bir çempionun özünü yenidən xatırlatması.

2021 – Finger Boy-un son podiumu

2021-ci ildə Bakı daha bir hekayənin son səhifəsini yazdı. Bu dəfə söhbət sadəcə bir podiumdan yox, Formula 1-in ən parlaq dövrlərindən birinin qəhrəmanından gedirdi.

Sebastyan Fettel Aston Martin ilə yarışı ikinci pillədə başa vurdu. Həmin vaxt onun artıq 4 dünya çempionluğu, 53 qələbəsi və 122 podiumu vardı. O, Formula 1 tarixinin ən çox qələbə qazanan pilotları arasında üçüncü pillədə qərarlaşırdı. Bir vaxtlar hamının “Baby Schumi” adlandırdığı alman pilot artıq öz adını bu idmanın tarixinə çoxdan yazmışdı.

Red Bull ilə qazandığı dörd ardıcıl dünya çempionluğu, gənc yaşında qurduğu rekordlar, Ferrari-də çempionluq uğrunda apardığı mübarizə… Fettel artıq Formula 1-də bir dövrün simvollarından birinə çevrilmişdi və həmin böyük karyeranın son podiumu da Bakıda gəldi.

Bəlkə də o gün heç kim bunun sonuncu olduğunu bilmirdi. Fettel isə hələ bir ildən çox Formula 1-də yarışacaqdı. Amma Bakıdakı ikinci yer onun podiumlarla vidalaşdığı an oldu.

“Finger Boy” ləqəbini alan, hər qələbəsindən sonra barmağını göyə qaldıran, bir vaxtlar Formula 1-i dörd il ardıcıl öz qaydaları ilə idarə edən Sebastyan Vettel üçün son podiumun məhz Bakıda gəlməsi Azərbaycan Qran Prisinin tarixində xüsusi yer tutur.

2021-ci ilin Bakı podiumunda bir tərəfdə Aston Martin-in ilk podiumu vardı, digər tərəfdə isə Sebastyan Fettelin son podiumu.

Bir komanda üçün ilk addım, bir əfsanə üçün isə sonuncu podium.

Bakı onun karyerasının son podiumunu gördü və “Baby Schumi”, “Finger Boy” Sebastyan Fettel üçün bu, Formula 1-də yazılan son podium hekayəsi oldu.

2021 – Serxio Peresin Red Bull ilə ilk qələbəsi

2021-ci ildə Bakı daha bir pilot üçün xüsusi ünvana çevrildi. Serxio Peres Red Bull ilə ilk qələbəsini məhz Azərbaycan Qran Prisində qazandı.

Amma bu, asan gələn qələbə deyildi. Peres yarışa altıncı yerdən başladı və ilk dövrədə artıq dördüncü pilləyə yüksəldi. Daha sonra Lyuis Həmilton pitə girəndə Peres onu keçərək ikinci yerə çıxdı və Maks Ferstappenlə birlikdə Red Bull-a ikiqat qələbəyə doğru aparırdı. Hər şey son beş dövrəyə qədər plan üzrə gedirdi. Sonra Bakı yenə öz sözünü dedi – Ferstappenin arxa təkəri partladı.

Bununla da meksikalı pilot  finiş xəttini birinci keçdi. Red Bull ilə ilk qələbə, karyerasında isə ikinci Qran Pri qələbəsi.

Bakı ilə Peresin münasibəti də elə-belə deyildi. O, 2021-ci ildən əvvəl burada artıq iki dəfə podiuma çıxmışdı. Yəni Meksikalı pilot üçün Bakı təsadüfi uğur yeri deyildi. Elə buna görə də Çekonun 2021-ci ildəki qələbəsindən sonra Bakının onun və Meksika azarkeşlərinin gözündə xüsusi yer tutması təəccüblü deyildi. Red Bull özü də Peresi sonradan Bakının “Street Fighter”i kimi təqdim etmişdi.

Həmin gün Meksikada isə bu qələbə adi Formula 1 nəticəsi kimi qarşılanmadı. Peresin Bakıda qazandığı qələbə Meksika idmanı üçün tarixi hadisə kimi qiymətləndirildi.

Bəlkə də bunun ən gözəl tərəfi budur: Bakı Peres üçün sadəcə ilk Red Bull qələbəsinin ünvanı olmadı. Meksikalıların Çeko  ilə birlikdə sevdiyi şəhərlərdən birinə çevrildi.

Beləliklə, 2021-ci ilin o çılğın Bakı günündə “Checo” öz adını Azərbaycan Qran Prisinin tarixində ən böyük hərflərlə yazdı.

2023 – Formula 1-də yeni Sprint dövrünün ilk yarışı

2023-cü ildə isə Bakıdakı “ilk” pilot və komandalardan kənara çıxdı. Azərbaycan Qran Prisi Formula 1-in dəyişdirilmiş Sprint formatının ilk dəfə tətbiq olunduğu yarış oldu.

Artıq şənbə günü əsas yarışın sıralanması gözlənilmirdi. Bunun əvəzinə ayrıca Sprint Shootout keçirildi və daha sonra Sprint yarışı baş tutdu. İlk sprint sıralanma turunun qalibi isə Ferrari komandasının sürücüsü Şarl Lekler oldu. Yeni formatlı sprint yarışının ilk qalibi isə “Bakının İcra Hakimi” Serxio Peres oldu.

Beləliklə, Formula 1-də yeni Sprint həftəsonunun ilk sınağı məhz Bakıda keçirildi.

2024 – Franko Kolapintonun ilk xalları və Argentinanın 42 illik gözləntisi

2024-cü ildə Bakı Franko Kolapinto üçün xüsusi bir ünvana çevrildi. Williams pilotu Azərbaycan Qran Prisində səkkizinci yeri tutaraq Formula 1 karyerasının ilk xallarını qazandı. Üstəlik, bu, onun Williams ilə cəmi ikinci yarışı idi.

Amma Kolapintonun Bakıda qazandığı xallar yalnız onun şəxsi karyerası üçün əlamətdar deyildi. Bu nəticə Argentina üçün də böyük hadisə idi. Kolapinto 1982-ci ildə Karlos Reutemannın ardınca Formula 1-də xal qazanan ilk argentinalı pilot oldu. Beləliklə, Argentinanın 42 illik gözləntisi məhz Bakıda sona çatdı.

Kolapintonun səkkizinciliyi Williams üçün də uğurlu günün bir hissəsi idi. Aleks Elbon yarışı yeddinci pillədə başa vurdu və komanda mövsümdə ilk dəfə iki pilotla birlikdə xal qazandı.

Beləliklə, 2024-cü ildə Bakı bir tərəfdən Franko Kolapintonun Formula 1-də ilk xallarını, digər tərəfdən isə Argentinanın 42 ildən sonra yenidən xal qazanan pilotunu gördü.

2017–2025 – Williams-ın Bakıdakı hekayəsi səkkiz il sonra yenidən yazıldı

2017-ci ildə Ləns Stroll Bakıda Formula 1 karyerasının ilk podiumunu qazandı. Williams pilotu yarışı üçüncü pillədə başa vurdu və komanda üçün də həmin nəticə uzun müddət yadda qalacaq bir hadisəyə çevrildi. Çünki Williams-ın tam məsafəli Qran Pridə növbəti podiumu üçün səkkiz il gözləmək lazım gələcəkdi.

2025-ci ildə isə eyni səhnədə başqa bir Williams pilotu peyda oldu. Bu dəfə komandanın maşınında Karlos Sayns əyləşmişdi. İspaniyalı pilot Bakı yarışını üçüncü yerdə başa vuraraq Williams-la ilk podiumunu qazandı.

Beləliklə, 2017-ci ildə Ləns Strollun başladığı Bakı hekayəsi 2025-ci ildə Karlos Saynsla davam etdi. Aradakı səkkiz ildə Williams bir neçə dəfə podiuma çox yaxınlaşdı, hətta 2021-ci ildə Corc Rassell Belçikada ikinci oldu. Amma həmin yarış cəmi iki dövrədən sonra təhlükəsizlik avtomobilinin arxasında dayandırıldığı üçün tam məsafəli yarış hesab olunmurdu.

Ona görə də Saynsın 2025-ci ildə Bakıda qazandığı üçüncülük daha xüsusi görünürdü: Williams tam məsafəli Qran Pridə 2017-ci ildən sonra ilk dəfə podiuma qayıtdı. Və maraqlıdır ki, bunun ünvanı yenə Bakı idi.

2026 – Formula 2-də Bakı üçün yeni tarix: iki sıralanma, bir Sprint, iki əsas yarış

Azərbaycan Qran Prisi Formula 1-lə yanaşı, Formula 2-də də yeni bir səhifə açmağa hazırlaşır. 2026-cı ildə Bakı şəhər halqası Formula 2 tarixində ilk dəfə bir həftəsonunda iki sıralanma turu, bir Sprint yarışı və iki əsas yarışa ev sahibliyi edəcək.

Bu, sadəcə yarış sayının artması deyil. Formula 2-də həftəsonunun quruluşu dəyişir və pilotların qarşısına daha fərqli sınaq çıxır. Sıralanma turunda sürət, Sprintdə mübarizə, əsas yarışlarda isə strategiya və davamlılıq ön plana çıxacaq.

Amma Bakıdakı bu yenilik sıradan bir təqvim dəyişikliyinə bənzəmir. Çünki Formula 2-nin adi həftəsonu formatından fərqli olaraq, bu dəfə bir yarış deyil, üç yarışlıq mübarizə bizi gözləyir. Cümə axşamı iki sıralanma turu, cümə günü Sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış keçiriləcək.

2027 – Bakı təqvimdə özünə sabit yer tapır

Azərbaycan Qran Prisinin 10 illik tarixində daha bir maraqlı detal diqqət çəkir. 2026-cı ildə Bakı həftəsonu sentyabrın sonuna yerləşdirilib. Gələn il isə Azərbaycan Qran Prisi yenə eyni tarixlərdə – 24–26 sentyabrda keçiriləcək. Bu isə Bakı yarışının Formula 1 təqvimində ardıcıl iki mövsüm eyni tarix aralığında yer alması deməkdir.

Əslində, Formula 1-də müəyyən Qran Prilərin illər ərzində təqvimdə oxşar dövrlərdə keçirilməsi qeyri-adi deyil. Xüsusilə mövsümün Avropa mərhələsi və payız yarışları üçün təşkilatçılar müəyyən zaman aralıqlarını qorumağa çalışırlar. Lakin eyni Qran Prinin iki il ardıcıl olaraq eyni tarixlərə düşməsi təqvim baxımından maraqlı uyğunluqdur.

Bakı və Formula 1-in kiçik tarix kitabı

Cəmi bir neçə il ərzində Bakı Formula 1-in yaddaşında kifayət qədər böyük iz buraxdı. Burada ilk podiumlar, ilk qələbələr, ilk xallar və son podiumlar gördük. Komandaların adları dəyişdi, pilotlar dəyişdi, hətta yarışın formatı dəyişdi.

Amma bir şey dəyişmədi: Bakı hər dəfə Formula 1 tarixinin başqa bir səhifəsini açmağa davam etdi.

Rauf Hacıyev

Şərh əlavə et