Kokpit.az xatırladır ki, Formula 1-ə 2030 və ya 2031-ci illərdə V8 mühərriklərinin qayıtması müzakirə olunur.
Toto Volff: “Mən Məhəmməd ben Sülayem, Stefano Domenikali və digər mühərrik istehsalçıları ilə danışıram.
Hazırda istifadə etdiyimiz güc qurğuları çox mürəkkəbdir və biz onların xüsusiyyətlərini yalnız indi anlamağa başlayırıq. Çünki onlar yarışların xarakterini dəyişib. Bazar günləri baş verənləri bəziləri bəyənir, çünki trasda çoxlu ötmə görürük, bəziləri isə bunu bəyənmir. Lakin qalib gələnlər dəyişikliklərə daha yaxşı uyğunlaşa bilən pilotlardır.
Şəxsən mən startdan əvvəl 10 saniyə ərzində avtomobillərin turbinlərinin yüksək dövrələrə çatmasını eşitməyə dözə bilmirəm, çünki bütün bunlar yanğın siqnalını xatırladır.
Lyuis Həmiltona baxın. Onun yarışlara yanaşması dəyişib və nəticələri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Kimi Antonelli də əla iş görür, digərləri isə uyğunlaşmalı olurlar.
Lakin orta müddətli perspektivdə – hazırda üç-dörd illik dövrü nəzərdə tuturuq – biz daxiliyanma mühərriklərinə (DYM) qayıdacağıq və onlar gücün 50 faizindən çoxunu təmin edəcək.
FIA prezidenti yaxşı səsə malik V8 mühərriklərinin qayıtmasını istəyir və batareyanın gücü məhdudlaşdırılmalıdır. Güman edirəm ki, DYM ilə hibrid komponent arasında güc nisbəti təxminən 80:20 olacaq və belə güc qurğuları təxminən 1000 at gücü hasil edəcək.
Onların atmosfer mühərriki olub-olmayacağına əmin deyiləm, amma düşünürəm ki, Formula 1 məhz bu istiqamətdə hərəkət edir. Mən purist olduğum üçün bu ideyanı bəyənirəm”.
2027 və 2028-ci illərdə Formula 1 2026-cı il reqlamentində ilkin olaraq nəzərdə tutulan DYM və hibrid sistem arasında 50:50 güc nisbətindən tədricən 60:40 nisbətinə keçəcək. Bu dəyişiklik yanacaq kütlə sərfinin artırılması hesabına həyata keçirilməlidir.
Volff bunun niyə dərhal, yəni artıq gələn mövsümdə həyata keçirilə bilməyəcəyini də izah edib: “2027-ci ildə növbəti addımı atacağıq, daha sonra isə bir addım da irəli gedəcəyik. Lakin bunun üçün mühərrikin konstruksiyasında dəyişikliklər etmək lazımdır. Yanacaq kütlə sərfini artırdıqda, məqsədimiz də məhz budur, güc yüksəlir və müvafiq olaraq mühərrikin müəyyən komponentlərini buna uyğunlaşdırmaq lazımdır.
Biz mühərrikin gücünü gələn il artıq 50 kVt artırmaq istəyirdik, lakin Ferrari bu ideyanı blokladı. Buna görə də ilk addım 20 kVt səviyyəsində olacaq, 2028-ci ildə isə artıq 50 kVt artım nəzərdə tutulur”.




Şərh əlavə et