Xəbəri Kokpitdə Oxuyun!

F.Briatore: Büdcə limiti sərtləşdirilməlidir

Flavio Briatore Formula 1-də mövcud büdcə limitinin sərtləşdirilməli olduğunu düşünür. Onun fikrincə, bu addım çempionluq mübarizəsini daha ədalətli edə bilər.

Formula 1 maliyyə sabitliyini təmin etmək və komandalar arasındakı fərqi azaltmaq üçün büdcə limitini ilk dəfə 2021-ci ildə tətbiq edib.

Texniki qaydalardakı böyük dəyişiklikdən sonra limit hazırda 215 milyon dollara yüksəldilib. Lakin pilot maaşları və ən yüksək maaş alan üç rəhbər işçinin əməkhaqları kimi bəzi mühüm xərclər bu limitə daxil edilmir.

Red Bull-un Maks Ferstappenə ildə təxminən 70 milyon dollar ödədiyi bildirilir. Ferrari-nin Lyuis Həmilton üçün ayırdığı məbləğin isə təxminən 60 milyon dollar olduğu təxmin edilir.

Bu maaşlar büdcə limitinə daxil edilsəydi, komandanın ümumi limitinin böyük hissəsini təkbaşına təşkil edəcəkdi.

Mövzu ilə bağlı jurnalistlərə danışan Briatore belə deyib: “Hazırda büdcə limitimiz var. Amma düşünürəm ki, daha ciddi addımlar atmalıyıq.

Büdcə limiti ideyası çox yaxşıdır. Lakin müəyyən mərhələdə onu daha da sərtləşdirməliyik. Pilotların maaşlarını da bu limitə daxil etməliyik.

Kiçik komandaların rəqabət aparmaq imkanını artırmaq üçün hazırda limitdən kənarda qalan bir çox xərci də qaydaların əhatə dairəsinə salmalıyıq”.

1990-cı illərdə Mixael Şumaxerlə Benettonu zirvəyə daşıyan Briatore 2005 və 2006-cı illərdə Fernando Alonso və Renault ilə də ardıcıl çempionluqlar qazanıb.

Təcrübəli rəhbər hesab edir ki, Formula 1-də güc balansını həqiqətən bərabərləşdirmək üçün komandaların xərclədiyi hər bir vəsait nəzərə alınmalıdır.

Rauf Hacıyev

Şərh əlavə et