Aston Martin və Honda 2026-cı il mövsümünə çox pis başlayıb. Ədrian Nyui çoxsaylı kiçik yeniləmələr gətirmək əvəzinə AMR26 üçün genişmiqyaslı inkişaf paketinə fokuslanmağa üstünlük verib. Bu səbəbdən Aston Martin mövsümün ilk yarısında sıralamanın arxa pillələrinə düşüb.
Lakin Macarıstanda B-spec AMR26-nın trasa çıxması ilə vəziyyətin yaxşılaşdığına dair ilk əlamətlər görünüb. Aston Martin Fernando Alonso ilə Q2-yə yüksəlib. Yarışı isə Ləns Stroll yarışı 13-cü, Alonso isə 14-cü pillədə tamamlayıb.
Aston Martin və Honda-nın əsas hədəfi çempionluqlar qazanmaqdır. Buna baxmayaraq, Herbert 2026-cı ildə yaşanan böyük geriləmədən sonra Nyuidən ümidləri kəsməyin hələ çox tez olduğunu düşünür.
Nyui Formula 1 tarixinin ən uğurlu bolid dizaynerlərindən biri hesab olunur. İngilis mühəndisin hazırladığı bolidlər ümumilikdə 26 dünya çempionluğu qazanıb.
F1-də üç Qran Pridə qalib gəlmiş Herbert bu barədə belə deyib: “Aston Martin-in Ədrian Nyui, yeni baza və bütün bu layihə ilə ortaya qoyduğu işə baxanda, üstəlik Fernandonu da komandaya gətirdiklərini nəzərə alsaq, işlərin necə bu qədər pis getdiyini anlamaq həqiqətən çətindir.
Hansı səbəbdən olursa olsun, Ədrian məqsədlərinə çatmalarına imkan verəcək yaxşı bolid, heç olmasa rəqabətədavamlı bolid hazırlaya biləcək komanda qurmağı bacarmayıb.
Bu, Ədrian Nyuinin sonunun başlanğıcı ola bilərmi? Onun geriləmə dövrünə girdiyinin ilk əlamətidirmi? İdmanda belə hallar hətta ən yaxşıların da başına gəlir. Bunun bir gün baş verməsi hər zaman qaçılmaz olub. Əgər hələ baş verməyibsə belə, müəyyən mərhələdə mütləq baş verəcək”.




Şərh əlavə et