Formula 1 köklü qayda dəyişikliyinə getdiyi zaman mühəndislər qaydalardakı boşluqları və boz zonaları kəşf etdikcə bolidlərin inkişaf sürətinin və yaradıcılığın artması dəfələrlə müşahidə olunub. Lakin 2026-cı il qaydalarının gətirdiyi köklü dəyişiklik bu prosesi daha da aqressiv səviyyəyə çatdırıb. Nəticədə bu il komandaların trasa gətirdiyi kiçik bir yenilik belə güc balansını bir anda dəyişə bilir.
Nu Silver Arrows podkastına qonaq olan Ceyms Əllison yeni qaydaların hələ çox erkən mərhələdə olduğunu bildirərək deyib: “Bu dövrün qaydaları hələ körpəlik mərhələsindədir. Hamı zaman keçdikcə onlara daha çox uyğunlaşır, amma bu, bir anda edə biləcəyiniz bir şey deyil.
Əvvəlki illərlə müqayisədə inkişaf tempimiz həqiqətən inanılmaz səviyyədədir. Yalnız aerodinamik tərəfə baxsaq, təkcə aerodinamik boruda əldə etdiyimiz inkişaf tempi keçən illə müqayisədə təxminən altı-yeddi dəfə yüksəkdir”.
Bu göstəricilərin dövrə vaxtlarına təsirini izah edən Əllison sözlərini belə davam etdirib: “Trasdakı nəticəsinə baxsaq, demək olar ki, hər iki aydan bir bolidlərin dövrə başına təxminən yarım saniyə sürətləndiyini görürük.
Bu, idmanda çox nadir hallarda görülən nəhəng inkişafdır.
Biz mövsümün əvvəlində riskli, ancaq düşünülmüş qərar verdik. İlk bolidi də hazırlayarkən sərhədləri bacardığımız qədər sona qədər istifadə etdik. Əlimizdə olan vaxtdan maksimum istifadə edərək demək olar ki, heç bir elastiklik payı olmayan aqressiv təqvim tətbiq etdik.
Bu intensivliyin bizə böyük faydası oldu və mövsümə çox güclü bolidlə başladıq.
Ancaq bunun bir də mənfi tərəfi var idi: ilk inkişaf potensialımızı elə başlanğıcdan tükətdik. Digər komandalar bolidlərini daha erkən tamamladıqları üçün yeniləmə paketlərini hazırlamağa bizdən əvvəl başladılar.
Buna görə də hazırda rəqiblərimizdən fərqli təqvim üzrə irəliləyirik.
Biz yenilikləri hazırlayarkən onlar trasda yeni detallarını sınaqdan keçirdilər. Üstəlik, hamı təxminən eyni sürətlə inkişaf etdiyi üçün güc sıralaması bir anda dəyişə bilir.
Bizim hazırda yeganə məqsədimiz rəqiblərimizdən geri qalmadan fərqi qorumaq və gətirəcəyimiz yeniliklərlə mövsümün əvvəlindəki üstünlüyümüzü yenidən əldə etməkdir.
O vaxta qədər isə rəqiblərimizin güclü yeniləmələrlə gələcəyi yarışları mümkün qədər az itki ilə keçirməliyik”.




Şərh əlavə et