Xəbəri Kokpitdə Oxuyun!

Rusiya və Belarusiya pilotlarına qadağalar götürülüb

FIA, Rusiya-Ukrayna müharibəsindən sonra tətbiq etdiyi tədbirləri yumşaldaraq idmançılara qoyulan “tərəfsizlik” öhdəliyinin məcburiliyinə son verib.

2022-ci ildə Rusiya və Ukrayna arasında başlayan müharibənin ardından FIA Rusiya və Belarus təşkilatlarına və pilotlarına qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Bu prosesdə hər iki ölkədə beynəlxalq yarışların keçirilməsi qadağan edilmiş, milli komandalar isə yarışlardan kənarlaşdırılmışdı.

Yarışlarda iştirak etmək istəyən pilotlar, iştirakçılar və vəzifəli şəxslər tərəfsizlik öhdəliyini imzalamağa məcbur idilər. Pilotlar yalnız neytral bayraq altında və ya məhdudiyyəti olmayan başqa ölkənin lisenziyası ilə mübarizə apara bilirdilər.

Avqustun əvvəlində keçirilən Ümumdünya Avtoidman Şurasının iclasından sonra rusiyalı və belaruslu pilotlara yenidən öz bayraqları altında yarışmağa icazə verilib. Komanda rəngləri və bayraqlar kimi milli simvolların istifadəsinə də yenidən imkan yaradılıb.

FIA-nın avqustun 13-də yayımladığı məlumatda məsələyə dair belə deyilir: “Heç bir anlaşılmazlığa yol verməmək üçün bildiririk ki, rusiyalı və belaruslu pilotların, əməkdaşların və vəzifəli şəxslərin müvafiq ölkələrdə iştirakı qüvvədə olan beynəlxalq, milli və yerli qanunvericiliyə riayət edilməsi şərtinə bağlı olaraq qalır.

FIA Ukraynada baş verən hadisələri yaxından izləməyə davam edir və qüvvədə olan sanksiya rejimləri və ya tərəfi olduğu müqavilələr çərçivəsində öhdəliklərinə əməl etmək üçün zəruri olan bütün addımlar da daxil olmaqla, gələcəkdə əlavə tədbirlər görmək və ya yeni qərarlar qəbul etmək hüququnu özündə saxlayır”.

Qəbul edilən yeni qərarlar Rusiya və ya Belarusda beynəlxalq yarışların keçirilməsinə şamil edilmir və bu ölkələrdə yarışların təşkili ilə bağlı qadağalar qüvvədə qalır. FIA 2022-ci ildə Soçi avtodromunda keçirilməsi planlaşdırılan və 2023-cü ildən etibarən İqora Drive trasına köçürülməsi nəzərdə tutulan Rusiya Qran Prisinin müqaviləsinə birtərəfli qaydada xitam vermişdi.

Son həftələrdə Rusiya Atletika Federasiyası Dünya Atletika Birliyinin ona tətbiq etdiyi sanksiyaların ləğvini tələb edərək İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. Bu addım Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Rusiyaya qarşı tətbiq etdiyi uzaqlaşdırma qərarını müvəqqəti dayandırmasından sonra atılıb. Lakin Dünya Atletika Birliyi IOC-nin tövsiyələrinə baxmayaraq hələlik analoji qərar qəbul etməyib.

IOC-nin sanksiyaları müvəqqəti dayandırmaq qərarı qüvvədə qalarsa, rusiyalı idmançılar nəzəri olaraq Los-Ancelesdə keçiriləcək 2028-ci il Olimpiya Oyunlarında ölkələri adından iştirak edə bilərlər.

Avtoidman dünyasında isə rusiyalı pilotlar yarışmağa davam etmək üçün əsasən başqa ölkələrin lisenziyalarına yönəlmişdilər. Məsələn, Robert Şvartsman İsrail bayrağı altında yarışarkən, Daniil Kvyat və Nikita Bedrin kimi pilotlar İtaliya yarış lisenziyası almışdılar. Aşağı kateqoriyalarda mübarizə aparan bəzi rusiyalı pilotlar isə Qazaxıstan və Qırğızıstan lisenziyaları ilə yarışlara çıxmışdılar.

Rauf Hacıyev

Şərh əlavə et