Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Yeni bolidlərdə heç nə aydın deyil

2026-cı il qaydaları pilotlar tərəfindən tez-tez tənqid olunsa da, Şarl Lekler bu məsələdə sakitliyini qoruyan və yeni nəsil bolidlərə şans verməyə qərarlı olan azsaylı pilotlardan biri kimi diqqət çəkir.

Gücün boliddə qəfil kəsilməsi və yarışların qeyri-sabit xarakteri səbəbindən əksər pilotların narazılığını ifadə etdiyi yeni qaydalar dövründə Ferrari pilotu Şarl Lekler bolidlərin çatışmazlıqlarını qəbul etsə də, prosesin mürəkkəbliyinə diqqət çəkir.

Bolidlərin maksimum potensialına çatması üçün nə qədər aqressiv idarə edilməli olduğu və sürüş tərzinin trasdan-trasa, hətta döngədən-döngəyə dəyişməsi ilə bağlı fikirlərini bölüşən monakolu pilot vəziyyəti belə qiymətləndirib: “Məncə, bu, tamamilə güc qurğusundan və bolidin necə sazlanmasından asılıdır. Bolidlərlə bağlı işləri bu qədər çətinləşdirən də məhz budur. O qədər çox müxtəlif dəyişən var ki, keçmişdə olduğu kimi məlumatlara baxıb ‘Burada açıq şəkildə vaxt itirirəm, sürüşümdə bunu dəyişməliyəm’ deyə bilmirsiniz. Bir sözlə, düzgün idarə edilməli olan çoxlu müxtəlif dəyişən var”.

Mövsümöncəsi testlər başlamazdan əvvəl belə bolidlərin trasa çıxması ilə bağlı yaranacaq problemlər barədə artan mənfi fikirlərdən uzaq durmağı bacaran Lekler mövzuya yanaşmasını və mövsümün ilk yarısındakı təcrübələrini belə izah edib: “Məncə, son dərəcə açıq fikirli və qərəzsiz olmalıyıq. Mövsümə boliddə özümü çox rahat hiss edərək başladım. Monakoda və Monrealda çox çətinlik çəkdim, daha sonra bir çox şeyi dəyişdikdən sonra ritmimi müəyyən qədər geri qaytara bildim.

Ancaq bu bolidlərdə problemlərin ‘ağ və qara’ qədər aydın olduğunu düşünmürəm. Çoxlu müxtəlif dəyişən var və performans baxımından bir qədər geridə qaldığınız zaman bunun bütün səbəblərini anlamaq göründüyündən daha çətindir.

Bu bolidlərə qarşı həddindən artıq aqressiv sürüşün işə yaradığı fikri ilə o qədər də razı deyiləm. Ən azı bizim bolidimiz üçün bu belə deyil, amma başqa bir boliddə işə yaraya bilər”.

Rauf Hacıyev

Şərh əlavə et