Xəbəri Kokpitdə Oxuyun!

Montoya: Sepanqda sürücülərə xüsusi cəsarət lazımdır

Sabiq Formula 1 sürücüsü hesab edir ki, Malayziyadakı məşhur trasın təqvimə qayıtması ilk növbədə Maks Ferstappen və Kimi Antonellinin işinə yarayacaq…

Williams bolidlərinin sükanı arxasında iki dəfə, 2002 və 2004-cü illərdə Sepanqda ikinci yerdə finişə çatan Xuan-Pablo Montoya həmin trasdakı çıxış təcrübəsini xatırlayıb: “Bu, həqiqətən aqressiv hücum etməli olduğun traslardan biridir. Məncə, bu tras maşından maksimumu almağı sevən Maks kimi sürücüyə çox uyğundur. Amma Antonelli də uğur qazana bilər.

Bütün bunları izləmək çox maraqlı olmalıdır, üstəlik Malayziyada hava çox isti olacaq. Amma oradakı tras fantastikdir, mən Sepanqda çıxış etmişəm və bu, inanılmaz dərəcədə möhtəşəm hiss idi. Məndən Formula 1 traslarından hansını sevdiyimi soruşsanız, bu trası deyərəm. Orada uğur qazanmaq və yüksək sürət nümayiş etdirmək üçün xüsusi cəsarət tələb olunur.

Orada elə döngələr var ki, kifayət qədər cəsarətlisənsə – ya da kifayət qədər ağıllı deyilsənsə – onları tam qazla keçməyə cəhd edə bilərsən. Mən bunu dəfələrlə etmişəm və bir neçə dəfə maşınları qəzaya uğratmışam”.

Xatırladaq ki, iyulun sonunda dünya çempionatının təşkilatçıları Bəhreyn Qran Prisi adlanan yarışın oktyabrın 4-də Malayziyanın Sepang International Circuit avtodromunda keçiriləcəyini təsdiqləyiblər. Malayziya Qran Prisi sonuncu dəfə 2017-ci ilin oktyabrında keçirilib və həmin yarışda qələbəni Ferstappen qazanıb.

Onu da qeyd edək ki, bu il yarışan 22 sürücüdən onunun Sepanq avtodromunda çıxış təcrübəsi var.

Gilanur Huseynova

Şərh əlavə et