Xəbəri Kokpitdə Oxuyun!

2016-cı ildə Formula 1 ilk dəfə Bakı küçələrinə gəldi. O gündən bəri Azərbaycan Qran Prisi təkcə təqvimin ən sürətli küçə yarışlarından biri deyil, həm də ən gözlənilməz mərhələlərindən birinə çevrilib. Dar qala divarları, 2 kilometri ötən əsas düzlük və səhvi bağışlamayan döngələr hər il azarkeşlərə unudulmaz anlar bəxş edib.

Bu il yarış “Decade of Racing” şüarı altında 10 illik yubileyini qeyd edir. On il ərzində Bakı trası çempionluq mübarizələrinə təsir edən hadisələrə, son dövrədə dəyişən nəticələrə, inanılmaz ötmələrə, dramatik qəzalara və Formula 1 tarixində iz qoyan radio mesajlarına şahidlik edib. Bəzən qələbə finişə bir neçə dövrə qalmış əldən çıxıb, bəzən isə son metrlərdə sahibini dəyişib.

Kokpit.az olaraq Azərbaycan Qran Prisinin 10 illiyinə həsr etdiyimiz bu xüsusi yazıda Bakı küçələrində yaşanan və bu yarışı Formula 1-in ən yaddaqalan mərhələlərindən birinə çevirən 10 unudulmaz anı xatırlayırıq. Çünki bir həqiqət dəyişmir: Bakıda damalı bayraq göstərilənə qədər heç nə bitmir.

Fettel və Həmilton: Bakıda bütün dünyanı ayağa qaldıran insident (2017)

2017-ci il Azərbaycan Qran Prisi Formula 1 tarixinin ən qalmaqallı hadisələrindən birinə səhnə oldu. Çempionluq uğrunda mübarizə aparan Sebastyan Fettel və Lyuis Həmilton arasındakı gərginlik məhz Bakıda pik həddə çatdı.

Yarışın 19-cu dövrəsində Təhlükəsizlik Maşını trasda olarkən Həmilton öndə gedirdi. Fettel isə onun arxasında ikinci yerdə idi. Alman pilot Həmiltonun qəfil əyləcə basdığını düşünərək Mercedes bolidinin arxasına toxundu. Bundan sonra əsəbiləşən Fettel rəqibinin yanına yaxınlaşaraq bolidini qəsdən Həmiltonun maşınına tərəf çevirdi və təkərlərlə təmas yaratdı.

Bu görüntü saniyələr ərzində bütün dünyaya yayıldı və Formula 1 tarixinin ən çox müzakirə olunan anlarından birinə çevrildi. Yarış komissarları Fettelə təhlükəli hərəkətə görə 10 saniyəlik “Stop-and-Go” cəzası verdilər. Buna baxmayaraq, Ferrari pilotu yarışı dördüncü pillədə başa vurdu.

İnsidentdən sonra Həmilton boyun hissəsində problem yaşadığı üçün qələbə uğrunda mübarizədən kənarda qaldı. Yarış isə 17-ci yerdən start alan Daniel Rikkardonun möhtəşəm qələbəsi ilə başa çatdı.

Bakıda baş verən bu hadisə mövsümün çempionluq mübarizəsinə də ciddi təsir göstərdi. Fettel sonradan hərəkətinə görə üzr istəsə də, Bakı insidenti bu günə qədər Formula 1 tarixinin ən qalmaqallı və ən çox xatırlanan qarşıdurmalarından biri kimi yadda qalır. “Vettel vs Hamilton in Baku” ifadəsi isə illər keçməsinə baxmayaraq hələ də həmin mövsümün simvolik anlarından biri hesab olunur.

Xaosun qalibi Rikkardo, qəhrəmanı Bottas, sürprizi isə Stroll oldu (2017)

2017-ci il Azərbaycan Qran Prisi təkcə Sebastyan Fettel və Lyuis Həmilton arasındakı qalmaqalla deyil, həm də Formula 1 tarixinin ən gözlənilməz nəticələrindən biri ilə yadda qaldı.

Yarışa 10-cu yerdən başlayan Daniel Rikkardo ilk dövrələrdə pit-stopdan sonra cərimələndiyi üçün 17-ci pilləyə qədər geriləmişdi. Lakin avstraliyalı pilot bununla barışmadı. Təhlükəsizlik Maşını, qırmızı bayraq və düzgün strategiyadan maksimum yararlanan Red Bull sürücüsü rəqiblərini bir-bir geridə qoydu.

Yarışın ən yaddaqalan anlarından biri isə restartdan sonra yaşandı. Rikkardo bir əyləcləmə nöqtəsində Felipe Massa, Niko Hülkenberq və Ləns Strollu eyni anda geridə qoyaraq Bakının ən möhtəşəm ötmələrindən birinə imza atdı. Bu cəsarətli manevr sonradan Formula 1-in ən yaxşı toplu ötmələrindən biri kimi qiymətləndirildi.

Valtteri Bottasın yarışı da ən az Rikkardonunki qədər dramatik idi. Startda Kimi Rəykkönenlə təmas nəticəsində Mercedes pilotunun bolidinin ön hissəsi zədələndi və Bottas sonuncu pilləyə qədər gerilədi. Çoxları onun yarışının bitdiyini düşünsə də, finlandiyalı pilot mübarizəni davam etdirdi və dövrə-dövrə irəliləyərək yenidən podium uğrunda mübarizəyə qoşuldu.

Yarışın son metrələri isə əsl trillerə çevrildi. Williams pilotu Ləns Stroll karyerasının ilk podiumuna doğru irəliləyirdi. Lakin finiş xəttinə cəmi bir neçə metr qalmış Bottas güclü hava kisəsindən istifadə edərək Strollu geridə qoydu və ikinci yeri ələ keçirdi. İki pilot arasındakı fərq cəmi 0,102 saniyə idi ki, bu da Azərbaycan Qran Prisinin tarixində ən dramatik finişlərdən biri kimi yadda qaldı.

Bottas ikinci olsa da, həmin günün digər qəhrəmanı Ləns Stroll idi. Cəmi 18 yaşlı kanadalı pilot üçüncü yeri tutaraq Formula 1 karyerasındakı ilk podiumunu qazandı. Bununla o, debüt mövsümündə podiuma yüksələn ən gənc sürücülərdən biri kimi tarixə düşdü və Williams komandasına uzun müddət sonra böyük sevinc yaşatdı.

2017-ci il Azərbaycan Qran Prisi göstərdi ki, Bakıda son döngəyə qədər heç nə bitmir. Elə buna görə də bu yarış Formula 1 tarixinin ən dramatik və ən yaddaqalan Qran Prilərindən biri hesab olunur.

Red Bull-un Bakı kabusu: Səkkiz il sonra tarix təkrarlandı (2018)

2018-ci il Azərbaycan Qran Prisi Formula 1 tarixinin ən yaddaqalan komanda daxili toqquşmalarından birinə səhnə oldu. Red Bull komandasının pilotları Daniel Rikkardo və Maks Verstappen uzun dövrələr ərzində bir-biri ilə sərt mübarizə aparır, komandadan gələn xəbərdarlıqlara baxmayaraq geri çəkilmirdilər.

40-cı dövrədə əsas düzlükdə DRS-in köməyi ilə hücuma keçən Rikkardo Verstappeni ötməyə çalışdı. Lakin əyləcləmə nöqtəsində Verstappen müdafiə xəttini dəyişdi, Rikkardo isə bolidi saxlaya bilməyərək komanda yoldaşının arxa hissəsinə çırpıldı. Nəticədə hər iki Red Bull bolidi zədələnərək yarışı vaxtından əvvəl başa vurdu.

Qəzanın ardından Red Bull rəhbərliyi məsuliyyəti hər iki pilotun üzərinə qoydu. Kristian Horner və Helmut Marko bu hadisəni komanda üçün qəbuledilməz adlandırdı. Maraqlıdır ki, yarışdan sonra həm Rikkardo, həm də Verstappen kameralar qarşısında bir-birindən və komandadan üzr istədilər.

Bu hadisə Red Bull-un tarixində acı bir deja-vu yaratdı. Komanda bundan əvvəl 2010-cu ildə Türkiyə Qran Prisində də pilotları Sebastyan Fettel və Mark Vebberin toqquşması nəticəsində iki bolidini eyni anda itirmişdi. Səkkiz il sonra isə eyni ssenari bu dəfə başqa bir türk dövlətində – Azərbaycanda təkrarlandı. Həm İstanbul Park, həm də Bakı Şəhər Halqası Red Bull-un komanda daxili qarşıdurmalarının yaşandığı unudulmaz məkanlara çevrildi.

2018-ci il Bakı yarışı təkcə dramatik qəzası ilə deyil, həm də sonrakı hadisələrə təsiri ilə yadda qaldı. Mövsümün sonunda Daniel Rikkardo Red Bull-dan ayrılaraq Renault komandasına keçdi. Bir çox Formula 1 mütəxəssisi Bakıdakı bu insidentin həmin qərarın verilməsində mühüm psixoloji dönüş nöqtələrindən biri olduğunu düşünür.

Azərbaycan Qran Prisinin tarixinə düşən bu qəza bir daha göstərdi ki, Bakıda rəqiblərlə yanaşı, bəzən komanda yoldaşları ilə mübarizə də ən böyük təhlükəyə çevrilə bilər.

Roman Qrojanın inanılmaz qəzası (2018)

2018-ci il Azərbaycan Qran Prisi artıq kifayət qədər hadisələrlə zəngin idi. Lakin yarışın ən qəribə məqamlarından biri Təhlükəsizlik Maşınının arxasında yaşandı.

Haas pilotu Roman Qrojan trasın əsas düzlüyündə təkərləri qızdırmağa çalışarkən idarəetməni itirdi və bolidini divara çırpdı. Maraqlısı isə o idi ki, bu qəza yüksək sürətdə deyil, Təhlükəsizlik Maşınının arxasında baş vermişdi. Sonradan məlum oldu ki, Qrojan təkərləri qızdırarkən sükan üzərindəki düymələrdən birinə toxunaraq əyləc balansını dəyişmiş və bu da bolidin gözlənilmədən divara yönəlməsinə səbəb olmuşdu.

Formula 1 tarixinin ən qəribə qəzalarından biri hesab edilən bu hadisə uzun müddət azarkeşlər arasında müzakirə olundu və Bakının nə qədər gözlənilməz hadisələrə səhnə ola bildiyini bir daha göstərdi.

“I am stupid” – Leklerin unudulmayan radiosu (2019)

2019-cu ildə isə Azərbaycan Qran Prisinin simvoluna çevrilən başqa bir an yaşandı.

Ferrari pilotu Şarl Lekler həftəsonu ərzində ən sürətli pilotlardan biri idi və poul uğrunda əsas favorit sayılırdı. Lakin sıralanma turunun ikinci sessiyasında İçərişəhər hissəsindəki qala divarlarına toxunaraq bolidini zədələdi və mübarizəni vaxtından əvvəl dayandırdı.

Bolidi saxladıqdan sonra radio ilə dediyi cəmi üç söz isə Formula 1 tarixinin ən məşhur radio mesajlarından birinə çevrildi:

“I am stupid. I am stupid.” (“Mən axmağam. Mən axmağam.”)

Lekler sonradan səhvini tam məsuliyyətlə üzərinə götürdü və bu səmimi etiraf həm azarkeşlər, həm də Formula 1 ictimaiyyəti tərəfindən uzun müddət xatırlandı. Bu ifadə bu gün də Azərbaycan Qran Prisi ilə bağlı ən çox yada salınan radio mesajlarından biri hesab olunur.

Bir il gecikən zəfər: Bottas Bakıda yarımçıq qalan hekayəni tamamladı (2019)

Bəzən Formula 1 sürücülərinə ikinci şans verir. Valtteri Bottas üçün həmin ikinci şansın adı Bakı oldu.

2018-ci ildə finlandiyalı pilot karyerasının ən ağrılı məğlubiyyətlərindən birini məhz Azərbaycan Qran Prisində yaşamışdı. Yarışın son dövrələrində lider gedən Bottas qələbəyə doğru inamla irəliləyirdi. Lakin cəmi bir neçə dövrə qalmış bolidinin sağ arxa təkəri tras üzərində qalan karbon qırıntısına görə partladı. Mercedes sürücüsü birdən yavaşlayaraq, rəqiblərinin gerisinə düşdü. Çox yaxın olduğu qələbə bir anda əlindən çıxdı.

Bir il sonra isə taleyin ssenarisi dəyişdi.

2019-cu ildə Bottas yenidən Bakıda mükəmməl həftəsonu keçirdi. Sıralanma turunda komanda yoldaşı Lyuis Həmiltonu cüzi fərqlə geridə qoyaraq poul mövqeyini qazandı və yarış boyu liderliyini heç kimə vermədi. Damalı bayrağı birinci keçən Bottas təkcə mövsümün ikinci qələbəsini deyil, həm də bir il əvvəl əlindən çıxan zəfəri nəhayət əldə etdi.

Bu qələbə statistikadan daha böyük məna daşıyırdı. Çünki Bottas sanki 2018-ci ildə Bakı küçələrində yarımçıq qalan hekayəsini 365 gün sonra tamamladı. Bir il əvvəl bəxti onu qələbədən məhrum etmişdisə, bu dəfə eyni tras ona haqq etdiyi zəfəri qaytardı.

Azərbaycan Qran Prisi Bottas üçün həm böyük məyusluğun, həm də böyük sevincin ünvanına çevrildi. 2018-ci ildə qələbə onun əlindən son anda çıxmışdı, 2019-cu ildə isə eyni Bakı küçələri finlandiyalı sürücünün gecikmiş intiqamına şahidlik etdi.

Bəzən Formula 1-də qələbə dərhal gəlmir. Amma Bakı göstərdi ki, yarımçıq qalan hekayələr bəzən bir il sonra da olsa, xoş sonluqla bitə bilir.

“Experience Azerbaijan”: Ferstappen Bakının əsl üzünü ən acı şəkildə gördü (2021)

Azərbaycan Qran Prisi tarixində ən dramatik görüntülərdən biri 2021-ci ildə yaşandı. Maks Ferstappen qələbəyə doğru inamla irəliləyirdi. Yarışın bitməsinə cəmi beş dövrə qalmış Red Bull pilotu rahat fərqlə lider idi və mövsümün ən vacib qələbələrindən birini qazanmağa çox yaxın görünürdü.

Lakin əsas düzlükdə, saatda 300 km-dən çox sürətlə hərəkət edərkən bolidin sol arxa təkəri qəfil partladı. İdarəetməni itirən Ferstappen divara çırpıldı və yarış onun üçün bir anda başa çatdı. Bir neçə saniyə əvvəl qələbəyə doğru gedən niderlandlı pilot, növbəti anda məyus halda bolidindən düşürdü.

Qəzadan sonra Ferstappen əsəbiləşərək partlayan təkərə təpik vurdu. Məhz həmin an televiziya kameraları maraqlı bir kadrı yaxaladı. Arxa planda tras boyunca uzanan böyük “Experience Azerbaijan” reklam lövhəsi görünürdü.

Bu görüntü qısa zamanda sosial şəbəkələrdə viral oldu. Azarkeşlər zarafatla yazırdılar ki, Ferstappen həmin gün “Experience Azerbaijan” şüarını sözün əsl mənasında yaşadı. Çünki Bakı küçə trası bir daha sübut etmişdi ki, burada damalı bayraq göstərilənə qədər heç kim özünü qalib hesab edə bilməz.

Əslində isə bu kadr Azərbaycan Qran Prisinin xarakterini mükəmməl şəkildə ifadə edirdi. Bakı trası sürətli düzlükləri, dar döngələri və gözlənilməz hadisələri ilə Formula 1-in ən amansız küçə traslarından biridir. Bir an əvvəl qələbə sevincinə hazırlaşan sürücü, cəmi bir neçə saniyə sonra ən böyük məyusluqlardan birini yaşaya bilər.

Ferstappen həmin gün xalsız qalsa da, mövsümün sonunda ilk dünya çempionluğunu qazandı. Amma 2021-ci il Azərbaycan Qran Prisində çəkilən o məşhur kadr – partlamış təkərə təpik vuran Ferstappen və arxa planda görünən “Experience Azerbaijan” lövhəsi – bu yarışın tarixində ən simvolik görüntülərdən biri kimi yadda qaldı…

Bir düymənin qiyməti: Həmiltonun Bakıda əldən verdiyi qələbə (2021)

2021-ci il Azərbaycan Qran Prisi Formula 1 tarixinin ən dramatik finişlərindən birinə səhnə oldu. Maks Ferstappenin təkərinin partlamasından sonra yarış qırmızı bayraqla dayandırıldı və qalib cəmi iki dövrəlik sprintdə müəyyənləşəcəkdi.

Restart zamanı Serxio Peres birinci, Lyuis Həmilton isə ikinci yerdə idi. İşıqlar sönən kimi Mercedes pilotu mükəmməl start aldı və ilk döngəyə çatanda artıq Peresi keçməyə çox yaxın idi. Qələbə sanki onun əlində idi.

Lakin elə həmin anda hər şey dəyişdi.

Həmilton təsadüfən sükan üzərindəki “Brake Magic” rejimini aktiv vəziyyətdə saxlamışdı. Bu sistem normalda təkərləri və əyləcləri qızdırmaq üçün istifadə olunur. İlk döngədə əyləcə basan kimi ön əyləclərə həddindən artıq yük düşdü, təkərlər kilidləndi və Mercedes düzünə qaçaraq qaçış zonasına çıxdı.

Bir neçə saniyə əvvəl qələbəyə gedən yeddiqat dünya çempionu bir anda sonuncu pillələrə gerilədi. Həmilton yarışı yalnız 15-ci yerdə başa vurdu və xal qazana bilmədi.

Bu, onun üçün 2018-ci il Avstriya Qran Prisindən sonra ilk xalsız yarış oldu. Daha da önəmlisi, həmin səhv mövsümün taleyinə təsir edən anlardan biri kimi yadda qaldı. Həmilton Bakıda mümkün 25 xalı əldən verdi və ilin sonunda çempionluğu Maks Ferstappenə cəmi 8 xal fərqi ilə uduzdu.

Paradoks ondadır ki, restartdan əvvəl qələbənin ən böyük favoriti məhz Həmilton idi. Lakin Bakı küçələri bir daha göstərdi ki, burada təkcə sürət deyil, bir düyməyə səhv toxunmaq belə hər şeyi dəyişə bilər.

2021-ci il Azərbaycan Qran Prisi təkcə Ferstappenin dramatik qəzası ilə deyil, həm də Həmiltonun karyerasının ən bahalı səhvlərindən biri ilə Formula 1 tarixinə düşdü. Bu gün də Bakı barədə danışılarkən “Brake Magic” ifadəsi ilk yada düşən məqamlardan biridir.

Tokio yox, Bakı drifti: Lekler və Piastri tarix yazdı (2024)

2024-cü il Azərbaycan Qran Prisi son illərin ən baxımlı Formula 1 yarışlarından biri oldu. Yarışın əsas qəhrəmanları isə Ferrari pilotu Şarl Lekler və McLaren sürücüsü Oskar Piastri idi. İki gənc ulduz demək olar ki, bütün yarış boyu qələbə uğrunda amansız mübarizə apardı.

Həlledici məqam 20-ci dövrədə yaşandı. Piastri əsas düzlükdə DRS-in köməyi ilə Lekleri ötdü və liderliyi ələ keçirdi. Bundan sonra Ferrari pilotu dəfələrlə cavab hücumları etsə də, avstraliyalı sürücü soyuqqanlı müdafiəsi ilə fərqi qorumağı bacardı və karyerasının ən yaddaqalan qələbələrindən birini məhz Bakıda qazandı.

Lakin həmin yarışı unudulmaz edən təkcə ötmə deyildi. Azarkeşlərin yaddaşında ən çox qalan məqamlardan biri hər iki pilotun ilk döngəyə daxil olarkən bolidlərini nəzarətli şəkildə yanlama ilə idarə etməsi oldu. Təkərlərdən qalxan tüstü, bolidlərin eyni anda sürüşməsi və buna baxmayaraq mübarizəni davam etdirmələri sosial şəbəkələrdə milyonlarla dəfə izlənilən görüntülərə çevrildi.

Məhz bundan sonra Formula 1 azarkeşləri arasında zarafatla yeni bir ifadə yayılmağa başladı: “Tokyo Drift yox, Baku Drift.” İllərdir avtomobil mədəniyyətində drift deyəndə ilk yada düşən “Tokyo Drift” olsa da, Lekler və Piastrinin Bakı küçələrində nümayiş etdirdiyi ustalıq bir çox azarkeşə görə bu anlayışa yeni bir simvol qazandırdı.

Əlbəttə, bu, rəsmi termin deyil. Ancaq sosial mediada və Formula 1 ictimaiyyətində “Baku Drift” ifadəsi həmin yarışdan sonra tez-tez işlədilməyə başladı. Bunun səbəbi sadə idi: dünyanın ən sürətli küçə traslarından birində, divarlardan cəmi santimetrlərlə aralı keçərək belə nəzarəti itirməmək yalnız ən yüksək səviyyəli pilotların bacaracağı iş idi.

2024-cü il Azərbaycan Qran Prisi bir daha sübut etdi ki, Bakı təkcə dramatik qəzalar və gözlənilməz nəticələrlə deyil, həm də illərlə xatırlanacaq möhtəşəm pilotaj nümunələri ilə Formula 1 tarixində xüsusi yer tutur. Həmin yarışdan sonra isə bir çox azarkeş üçün driftin yeni ünvanı artıq Tokio deyil, Bakı idi.

Rekordlarla yadda qalan sıralanma turu: Bitmək bilməyən Bakı şənbəsi (2025)

Azərbaycan Qran Prisinin tarixində ən dramatik yarışlardan, ən qalmaqallı insidentlərdən və ən möhtəşəm finişlərdən çox danışılır. Amma 2025-ci il Bakı həftəsonu tamamilə fərqli səbəbdən yadda qaldı.

Yarışın özü böyük hadisələrlə zəngin olmasa da, şənbə günü keçirilən sıralanma turu əsl səbir sınağına çevrildi.

Bakı Şəhər Halqası bir-birinin ardınca baş verən qəzalar səbəbindən dəfələrlə qırmızı bayraq altında qaldı. Sessiya ərzində altı dəfə qırmızı bayraq göstərildi və sıralanma turu 1 saat 58 dəqiqə davam etdi. Pilotlar dəfələrlə boksa qayıtmalı, mühəndislər strategiyalarını yenidən qurmalı, azarkeşlər isə növbəti restartı gözləməli oldular.

Dar küçələr, divarlara cəmi santimetrlərlə yaxın döngələr və səhvi bağışlamayan Bakı trası bir daha öz xarakterini göstərdi. Kiçik bir səhv belə sessiyanın uzun müddət dayanmasına səbəb olurdu və hər qırmızı bayraqdan sonra mübarizə sanki yenidən başlayırdı.

Beləliklə, 2025-ci il Azərbaycan Qran Prisi dramatik yarışla deyil, Formula 1 tarixinin ən uzun və ən çox fasilə verilən sıralanma turu ilə yadda qaldı. Bu, bir daha göstərdi ki, Bakıda təkcə bazar günü deyil, şənbə günü də hər an gözlənilməz hadisələr yaşana bilər.

Son on ildə Bakı bizə hər cür emosiyanı yaşadıb: qalmaqallar, möhtəşəm ötmələr, son dövrə dramatizmi, gözlənilməz qəzalar və tarixi qələbələr… 2025-ci il isə bu siyahıya yeni bir bənd əlavə etdi – heç bitmək bilməyən sıralanma turu. Bəlkə də yarış sakit keçdi, amma şənbə günü bir daha sübut etdi ki, Azərbaycan Qran Prisində hətta zamanın özü də bəzən dayanır.

 

Rauf Hacıyev

Şərh əlavə et