Kokpit.az xəbər verir ki, sıralanma turundan sonra 22-ci nəticəni göstərən Fernando Alonso belə deyib: “Maşın son uikendlərin hamısında olduğu kimi davranırdı. Hazırda mövqeyimiz belədir…”
Vəziyyət bundan pis ola bilməyəcəyinə görə, yalnız daha yaxşı günlərin gec-tez gələcəyinə ümid etmək qalır. Hər halda, Silverstoundan olan komandanın rəhbəri Adrian Nyui buna şübhə etmir.
Sky Sports efirində danışan Adrian Nyui: “Melburndakı mərhələdən sonra qərara gəldik ki, şassinin konstruksiyasında xırda dəyişikliklər etməyin mənası yoxdur. Çünki belə maşınla onsuz da xallar uğrunda mübarizə aparmaq üçün real imkan olmayacaq. Bundan sonra üzərimizdəki təzyiqin heç olmasa bir hissəsini azalda bildik, qüvvələri yenidən qruplaşdırıb gələcəkdə irəliləyiş əldə etmək üçün lazım olan hər şeyi hazırladıq.
İndi şassinin tam yenilənməsi üzərində işi davam etdiririk. Modernləşmənin ilk mərhələsi Macarıstan Qran Prisinə, növbəti və daha genişmiqyaslı mərhələsi isə Zandfortdakı yarışa planlaşdırılıb. Orada yenilikləri təkmilləşdirilmiş Honda mühərriki ilə birlikdə təqdim edəcəyik. Ümid edirik ki, bu, ən azı bizi xallar qazana biləcəyimiz daha yüksək səviyyəyə çıxaracaq.
İddia etmirəm ki, müntəzəm olaraq ilk onluqda finiş görəcəyik. Amma ümid edirəm ki, heç olmasa sıralanma turunun ikinci sessiyasına keçə biləcəyik, sonrası isə işlərimizin necə gedəcəyindən asılı olacaq.”




Şərh əlavə et